“TÜRKSOY” II Beynəlxalq tələbə tamaşaları festivalı öz işinə başlayıb
20-22 may 2024-cü il tarixlərində TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən “Türk dünyası” II Beynəlxalq Tələbə Tamaşaları Festivalı öz işinə başlayıb.
Festival çərçivəsində ilk tədbirlər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş tutub.
Festivala Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan kimi türkdilli ölkələrdən yaradıcıyönümlü ali təhsil ocaqlarının rektorları, nümayəndə heyətləri, eləcə də aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələr qatılıblar.
İlk olaraq festivala qatılan ölkələrin təmsilçilərinin qarşılanma mərasimi keçirilib.
Mərasimdə çıxış edən ADMİU-nun rektoru, professor Ceyran Mahmudova qonaqları salamlayıb və rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnunluğunu ifadə edib. “Türk dünyası” Beynəlxalq Tələbə Tamaşaları Festivalının ikincisinin Azərbaycanda- Mədəniyyət və İncəsənət Universitetində keçirilməsindən qürur duyduğunu deyən rektor bu məsuliyyətli və önəmli vəzifəni onlara həvalə etdiyi üçün TÜRKSOY-un baş katibi Sultan Rayevə öz təşəkkürünü bildirib.
TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının baş katibi, Qırğızıstanın Xalq yazıçısı Sultan Rayev festival münasibəti ilə hər kəsi təbrik edib, uğurlar arzulayıb.
Qarşılanma mərasimindən sonra ADMİU təmsilçilərinin ifasında S.Şendilin “Qanlı Nigar” tamaşası nümayiş olunub.
Daha sonra festival iştirakçıları ADMİU-nun müəllimi, DOM teatrının rəhbəri, rejissor Tərlan Rəsulovun təqdimatında “İnteraktiv teatr” mövzusunda seminar keçirilib.