“TÜRKSOY” II Beynəlxalq Tələbə Tamaşaları Festivalı öz işini yekunlaşdırıb
Mayın 22-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında “TÜRKSOY” II Beynəlxalq Tələbə Tamaşaları Festivalının bağlanış və mükafatlandırma mərasimi keçirilib.
Mərasimdən öncə festivalın 3-cü günündə Qırğızıstan və Qazaxıstan təmsilçiləri səhnəyə çıxıblar. Öncə Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində T.Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrının nəzdində Teatr kollecinin tələbələri Ç.Aytmatovun “Erkən gələn durnalar” əsəri əsasında eyni adlı səhnə işini təqdim ediblər.
Sonra T.Jurgenov adına Qazaxıstan Milli İncəsənət Akademiyasının tələbələrinin ifasında F.Q.Lorkanın “Bernard Albanın evi” tamaşası maraqla qarşılanıb.
Tamaşaların ardından Festival möhtəşəm bağlanış və mükafatlandırma mərasimi ilə öz işini yekunlaşdırıb.
Mərasimdə TÜRKSOY və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəhbərliyi, tanınmış ictimaiyyət nümayəndələri, festival iştirakçıları və qonaqlar iştirak ediblər.
Tədbirin aparıcısı Abbasağa Əlizadə qeyd edib ki, 20-22 may tarixlərində TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən “TÜRKSOY” II Beynəlxalq Tələbə Tamaşaları Festivalı hər kəsin yaddaşında parlaq və silinməz izlər qoyacaq.
Açılış nitqi ilə çıxış edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor, Əməkdar İncəsənət xadimi Ceyran Mahmudova belə bir mötəbər festivalın Azərbaycanda keçirilməsini rəhbəri olduğu ali təhsil ocağına həvalə etdiklərinə görə TÜRKSOY-un baş katibi cənab Sultan Rayevə öz təşəkkürünü bildirib. Eyni zamanda xanım rektor festivalın keçirilməsində göstərdikləri dəstəyə görə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə, Mədəniyyət Nazirliyinə, festival iştirakçılarına öz səhnələrində qucaq açan Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrlarının rəhbərliklərinə, əməkdaşlarına öz təşəkkürünü bildirib.
Belə bir mötəbər tədbirə ev sahibliyi etməkdən qürur duyduğunu deyən rektor C.Mahmudova gələn il Qazaxıstanda keçiriləcək “TÜRKSOY” III Beynəlxalq Tələbə Tamaşaları Festivalının işinə indidən uğurlar arzulayıb.
Çıxışının ardından C.Mahmudova Azərbaycanın TÜRKSOY-dakı daimi nümayəndəsi Elçin Qafarlıya, dOM Teatrının bədii rəhbəri, rejissor, Tərlan Rəsulova, T.Jurgenov adına Qazaxıstan Milli İncəsənət Akademiyasının pedaqoqu Madina Kulseitovaya, münsiflər heyətinin sədri İsrafil İsrafilova, münsiflər heyətinin üzvləri Murat Atak, Meruyert Jaksılıkova, Janış Kulmanbetova ADMİU-nun adından Təşəkkürnamələr təqdim edib.
Münsiflər heyətinin sədri, Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor İsrafil İsrafilov çıxış edərək Festivalın böyük uğurla keçirildiyini, göstərilən bütün tamaşaların bir-birindən maraqlı və diqqətəlayiq olduğunu vurğulayıb.
Çıxışların ardından “TÜRKSOY” II Beynəlxalq Tələbə Tamaşaları Festivalının qısa icmalı təqdim olunub.
Video-çarxdan sonra qaliblərin adları açıqlanıb.
Münsiflərin qərarına əsasən, “Ən uğurlu aktyor dueti” nominasiyası üzrə Türkiyə Hacettepe Universiteti Ankara Dövlət Konservatoriyası (J.Tardyö “Bilet kassası”), “Ənənəyə sadiqlik” nominasiyası üzrə mükafat Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutu (Ü.Hacıbəyli “Arşın mal alan”), “Ən yaxşı aktyor ansamblı” nominasiyası üzrə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (S.Şendil “Qanlı Nigar”), “Ən yaxşı tamaşa” nominasiyası üzrə T.Jurgenov adına Qazaxıstan Milli İncəsənət Akademiyası (F.Q.Lorka “Bernarda Albanın evi”) və T.Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrının nəzdində Teatr Kolleci (Ç.Aytmatov “Erkən gələn durnalar”) qalib olublar. Mükafatları sahiblərinə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, İncəsənət və qeyri-maddi mədəni irs şöbəsi Teatr sektorunun müdiri Böyükxanım Talıbova, münsiflər heyətinin sədri, Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor İsrafil İsrafilov, T.Jurgenov adına Qazaxıstan Milli İncəsənət Akademiyasının rektoru Arman Judebaev, TÜRKSOY-un baş katibi Sultan Rayev və ADMİU-nun rektoru Ceyran Mahmudova təqdim ediblər.
TÜRKSOY-un baş katibi S.Rayev çıxış edərək festivalın çox yüksək səviyyədə keçirilməsindən məmnunluğunu ifadə edib və hər kəsi təbrik edib. Arman Judebaev, Murat Atak və Böyükxanım Talıbova çıxış edərək möhtəşəm festival münasibəti ilə əməyi keçənləri və qalibləri təbrik ediblər.
Bağlanış mərasimində ADMİU-nun müəllimi Səxavət Məmmədov, ADMİU-nun məzunu Gülyar Hüseynzadə, ADMİU-nun III kurs tələbəsi Mütəllim Mütəllimov, ADMİU-nun I kurs magistr tələbəsi Sərvər Yılmaz və Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova öz ifaları ilə qonaqlara xoş anlar bəxş ediblər.
Tədbir Ü.Hacıbəylinin “Cəngi” əsərinin sədaları altında rəqslə yekunlaşıb.
Qeyd edək ki, bağlanış və mükafatlandırma mərasiminin rejissoru Əməkdar artist Nicat Kazımov, nümayiş olunan videoların müəllifi Azər Həsənovdur.