“TÜRKSOY” II Beynəlxalq tələbə tamaşaları Festivalının ikinci günü yekunlaşıb
20-22 may 2024-cü il tarixlərində TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən “TÜRKSOY” II Beynəlxalq Tələbə Tamaşaları Festivalının ikinci günü yekunlaşıb.
İkinci gündə (21 may) ilk olaraq Türk dünyası İncəsənət Universitetləri Birliyinin rektorlarının 4-cü görüşü keçirilib.
Eyni gün Festival iştirakçıları Madina Kulseitovanın “Aktyor sənətinin elementləri” adlı ustad dərsində olublar.
Daha sonra Türkiyə Hacettepe Universiteti Ankara Dövlət Konservatoriyasının təmsilçiləri J.Tardyönün “Bilet kassası” adlı tamaşası ilə çıxış ediblər.
Qonaqların Azərbaycan Milli Xalça Muzeyi və İçəri Şəhər Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiyasından sonra Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun tələbələri səhnəyə çıxıblar. Onların ifasında Ü.Hacıbəylinin “Arşın mal alan” tamaşası maraqla qarşılanıb. Qeyd edək ki, Festivalın ikinci günündə ustad dərsi və tamaşalar Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında baş tutub.