“Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda Beynəlxalq konfrans keçirilib

Aprelin 30-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda XXIII Beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Konfransa ölkə daxilindən və xaricdən müxtəlif ali məktəb və mədəniyyət ocaqlarını təmsil edən elm adamları qatılıblar.

Konfransda çıxış edən Elm və yaradıcılıq işləri üzrə prorektoru dosent Sədaqət Əliyeva universitetin rektoru, professor Ceyran Mahmudovanın salamlarını konfrans iştirakçılarına çatdırıb, konfransın işində uğurlar diləyib. Prorektor qeyd edib ki, artıq uzun illərdir ADMİU-da “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans keçirilir. Bu tədbirin bir ənənə olaraq mütəmadi şəkildə təşkil edilməsi konfransın mövzu və məramının böyük aktuallıq kəsb etdiyindən xəbər verir.

ADMİU-nun Tədris işləri üzrə prorektoru dosent Nigar Rüstəmova çıxışında bildirib ki, konfransın keçirildiyi ötən illər ərzində ən müxtəlif ölkələrin mütəxəssisləri tərəfindən diqqətə çatdırılan yüzlərlə məruzə türk xalqlarının mədəniyyətinin müxtəlif inkişaf mərhələlərini vahid proses kimi izləməyə imkan yaradır.

Əməkdar İncəsənət xadimi, professor Kamilə Dadaş-zadə çıxışında bildirib ki, türk xalqları zəngin mədəni irsə, musiqi ənənələrinə malikdir. İllərdən bəri ənənəvi şəkildə keçirilən bu beynəlxalq konfransda Türk xalqlarının musiqisi tanınmış tədqiqatçılar tərəfindən hərtərəfli şəkildə öyrənilərək təqdim olunur.
Daha sonra konfrans işini bölmə iclasları ilə davam etdirib. “Türk xalqlarının musiqisi müasir elmi paradiqmanın tədqiqat obyekti kimi” (moderator: professor Kamilə Dadaş-zadə), “Azad Ozan Kərimli-70. Türk xalqlarının eposu bədii fenomen kimi” (moderator: dosent Güllü İsmayılova), “Türksoylu xalqların bədii mədəniyyətinin araşdırılması problemləri” (moderator: dosent Gülnar Verdiyeva) mövzusunda bölmə iclaslarında türk xalqlarının zəngin mədəniyyətini və ortaq dəyərlərini işıqlandıran məruzələr dinlənilib.