“Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda XXIV Beynəlxalq elmi-praktiki konfrans keçirilib
Aprelin 30-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda XXIV Beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Konfransa ölkə daxilindən və xaricdən müxtəlif ali məktəb və mədəniyyət ocaqlarını təmsil edən elm adamları qatılıblar.
Konfransı giriş sözü ilə açan ADMİU-nun rektoru, professor Ceyran Mahmudova qonaqları salamlayıb və konfransın işində uğurlar diləyib. Rektor qeyd edib ki, artıq uzun illərdir ADMİU-da “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans keçirilir.
Sözügedən konfransın hər il ölkəmiz və mədəniyyətimiz üçün əlamətdar hadisələrə həsr olunduğunu xatırladan C.Mahmudova bu il XXIV dəfə təşkil olunan konfransın Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunduğunu nəzərə çatdırıb. “Lakin qeyd olunmalıdır ki, belə yubiley tarixləri hər nə qədər təqvim baxımından əlamətdar olsa da, Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətindəki yeri və rolu zaman və tarix anlayışından fövqəldir. Yəni Üzeyir Hacıbəyov nəinki yubileylərlə xatırlanacaq bir şəxsiyyət, eyni zamanda daim xatırlanacaq, daim araşdırılacaq və daim örnək tutulacaq bir mədəniyyət fenomenidir”- deyə xanım rektor əlavə edib.
Azərbaycan Milli Konservatoriyasının rektoru, Əməkdar İncəsənət xadimi, professor Kamilə Dadaş-zadə çıxış edərək bildirib ki, türk xalqları zəngin mədəni irsə, musiqi ənənələrinə malikdir. İllərdən bəri ənənəvi şəkildə keçirilən bu beynəlxalq konfransda Türk xalqlarının musiqisi tanınmış tədqiqatçılar tərəfindən hərtərəfli şəkildə öyrənilərək təqdim olunur.
K.Dadaş-zadə onu da qeyd edib ki, konfransın keçirildiyi ötən illər ərzində ən müxtəlif ölkələrin mütəxəssisləri tərəfindən diqqətə çatdırılan yüzlərlə məruzə türk xalqlarının mədəniyyətinin müxtəlif inkişaf mərhələlərini vahid proses kimi izləməyə imkan yaradır.
Çıxışlardan sonra söz məruzəçilərə verilib.
AMEA-nın müxbir üzvü, professor Rəna Məmmədova “Azərbaycan və Türk xalq musiqisinin müqayisəli təhlili haqqında”, ADMİU-nun Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru dosent Aslan Xəlilov “Azərbaycan rəngkarlığında Üzeyir Hacıbəyli obrazı”, AMEA-nın “Muğamşünaslıq” şöbəsinin müdiri, sənətşünaslıq üzrə doktor, professor Sevil Əhmədova “Muğamın elmi idrakı – dünya harmoniyasının bərpasına aparan yol kimi” məruzələrlə çıxış edib.
Daha sonra konfrans işini seksiya iclasları ilə davam etdirib.