Xalq Çalğı Alətləri İfaçılığı Kafedrasının Müdiri
Əməkdar müəllim, dosent
İbrahimov Umud Ağasif oğlu 1970-ci il iyulun 8-də Bakıda ziyalı ailəsində anadan olmuşdur. 1986-1990-cı illərdə A.Zeynallı adına Bakı Musiqi Texnikumunda, 1990-1995-ci illərdə isə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında tar və dirijorluq ixtisası üzrə təhsil almış və hər iki təhsilini fərqlənmə diplomu ilə bitirmişdir.
Əmək fəaliyyətinə 1991-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Səda” tədris teatrından başlamış, 1993-2003-cü illərdə Azərbaycan Respublikasının Dövlət Teleradio Verilişləri Şirkətinin S.Rüstəmov adına XÇA orkestrində çalışmışdır.
1995-2001-ci illərdə Ü.Hacıbəyli adına BMA-nın Xalq Çalğı Alətləri kafedrasında əvəzçi müəllim, 2001-2002-ci illərdə isə əvəzçi baş müəllim, 1999-2003-cü ildə Bülbül adına Orta İxtisas Musiqi məktəbində əvəzçi müəllim, 2003-2012-ci illərdə isə əsas müəllim kimi, 2002-2012-ci illərdə AMK-da əvəzçiliklə baş müəllim, 2012-2014-cü illərdə AMK-da baş müəllim vəzifəsində, 2014-2015-ci illərdə isə dosent vəzifələrində işləmişdir. 2015-ci ildən ADMİU-nun Xalq çalğı alətləri ifaçılığı kafedrasına rəhbərlik edir. 2017-ci ildə dosent elmi dərəcəsinə layiq görülmüşdür.
Yetişdirdiyi tələbələr respublika və beynəlxalq müsabiqələrdə iştirak etmiş, diplom, laureat adına və Qran-pri mükafatlarına layiq görülmüşlər. İki tələbəsi prezident təqaüdçüsüdür, bir tələbəsi (Şəhriyar İmanov) Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür. Göstərdiyi işə görə diplom və fəxri fərmanlarla təltif olunmuşdur. 2008-ci ildə Əməkdar müəllim fəxri adına layiq görülmüşdür. 2023-cü il dekabır ayında Elm və Təhsil naziri Emin Əmrullayev tərəfindən “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur.
20-dən çox tədris proqramının, “Xarici ölkə bəstəkarlarının tar ilə fortepiano üçün işlənmiş və köçürülmüş əsərləri”n, “Dirijorluq” adlı dərs vəsaitinin, “Tofiq Bakıxanovun tar ilə simfonik orkestr üçün 2 saylı konserti” adlı metodik tövsiyənin, “Qədim və müasir muğam”, “Azərbaycanın qədim milli musiqi aləti” adlı məqalələrin müəllifidir.