Universitetlərin TEC sədrləri ADMİU-da görüşdü

Martın 18-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Tələbə Elmi-Yaradıcılıq Cəmiyyətinin digər universitetlərin Tələbə Elmi Cəmiyyətiləri ilə görüşü keçirilib. Tədbirdə Azərbaycan Tibb Universiteti, Bakı Dövlət Universiteti, Bakı Musiqi Akademiyası Bakı Biznes Universiteti, Azərbaycan Milli Konservatoriyası və digər universitetlərin TEC sədr və nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ADMİU-nun Elm və yaradıcılıq işləri üzrə prorektoru dosent Sədaqət Əliyeva çıxışında Tələbə Elmi Cəmiyyətinin universitetlər arasında əlaqələrinin vacibliyini vurğulayıb və bildirib ki, bu cəmiyyətlər, tələbələr arasında elmi əməkdaşlığı təşviq edir, müştərək tədqiqatlar və layihələr üçün zəmin yaradır, beynəlxalq tədbirlərdə iştirak imkanlarını artırır və eyni zamanda universitetlər arasında təcrübə mübadiləsini asanlaşdırır. Belə əlaqələr, tələbələrin yalnız akademik inkişafını deyil, eyni zamanda onların şəxsi və peşəkar bacarıqlarını da genişləndirir. Tələbələr müxtəlif universitetlərdən gələn həmkarları ilə əlaqə quraraq, müxtəlif mədəniyyətləri və yanaşmaları tanıyır, bu da onlara qlobal düşüncə və liderlik qabiliyyətləri qazandırır.
ADMİU-nun TEYC sədri Ülkər Rzayeva universitetlərarası əməkdaşlığı gücləndirmək və inkişaf etdirmək üçün bir sıra təkliflər irəli sürüb. Birgə elmi tədqiqat layihələrinin aparılması, müştərək konfrans və seminarların təşkili, müəllim və tələbə mübadilə proqramlarının genişləndirilməsi bu qəbildəndir.
ATU-nun TEC sədri Həmid Səfərli çıxışında qeyd edib ki, Azərbaycan Tibb Universiteti ilə ADMİU arasında əməkdaşlıq maraqlı və innovativ imkanlar yarada bilər. Bu iki fərqli sahənin birgə çalışması həm səhiyyə, həm də incəsənət və mədəniyyət sahəsində yeni perspektivlər aça bilər. O, Sənət və Sağlamlıq Layihələri Musiqi Terapiyası: Mədəniyyət Universitetinin musiqi fakültəsi tələbələrinin xəstəxanalarda və reabilitasiya mərkəzlərində terapiya məqsədilə musiqi ifa etməsi; Drama və Psixoloji Dəstək: Aktyorluq və teatr tələbələrinin psixoloji problemlərlə mübarizə aparan xəstələrlə teatr terapiyası keçirməsi; İncəsənət və Reabilitasiya: Rəssamlıq tələbələrinin reabilitasiya prosesində incəsənət terapiyası tətbiq edilməsi kimi layihələr təklif edib. Bu əməkdaşlıq həm tibb sahəsində olan insanlara yaradıcılıq imkanları təqdim edə bilər, həm də mədəniyyət sahəsində fəaliyyət göstərən insanlara sağlamlıq və psixologiya mövzusunda dərin biliklər qazandıra bilər.
Digər universitetlərin TEC sədrləri də çıxışlarında bu kimi öz istiqamətlərinə uyğun təkliflər irəli sürüblər.
Sonda Universitetlərin TEC sədrləri “Birgə əməkdaşlıq haqqında” müqavilə imzalayıblar.