WUF13-lə bağlı “Yaşıl Dünya- Hər Addım Bir Ümid” adlı poster-sərginin hazırlıq mərhələsinə başlanıb

ADMİU-da WUF13-lə bağlı hazırlıq prosesləri davam etməkdədir. Bununla bağlı Rəssamlıq fakültəsində böyük bir yaradıcılıq prosesi yaşanır.
Bakının ev sahibliyi edəcəyi WUF13-ün əsas mövzularından biri də iqlimə davamlı, yaşıl və dayanıqlı şəhərlərin qurulmasıdır. Məhz bu səbəbdən, hazırlıq mərhələsində tələbələr sadəcə rəsm çəkmir, həm də gələcəyin yaşıl şəhər mühitini dərk edərək bədii eskizlərə köçürürlər. Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının müəllimi Azər Abdullayevin rəhbərliyi ilə “Yaşıl Dünya- Hər Addım Bir Ümid” adlı poster-sərginin hazırlıq mərhələsinə başlanıb. Hazırlıq mərhələsində gənclər alternativ enerji, tullantıların düzgün idarə olunması və şəhərlərdə biomüxtəlifliyin qorunması kimi WUF13-ün gündəliyində duran qlobal ekoloji problemləri müzakirə edərək öz vizual həllərini formalaşdırırlar.
Hazırda fakültədə intensiv iş prosesi davam edir. Hər bir tələbə öz posterinin ilkin qaralamaları və kompozisiyası üzərində çalışır. Gənclər həm rəqəmsal dizayn, həm də ənənəvi rəngkarlıq texnikalarından istifadə edərək, “Hər addım bir ümid” şüarı altında dünyamızı və şəhərlərimizi daha yaşıl görmək arzularını kağız üzərində canlandırırlar.