Xalq artisti Məmmədsəfa Qasimova “Vətən övladı” ordeni təqdim olunub

“Azərbaycan Dünyası” beynəlxalq dərgisinin və “Dədə Qorqud” Milli Fondunun İdarə Heyətinin 17 aprel 2024-cü il tarixli qərarı ilə Azərbaycan mədəniyyətinə əvəzsiz töhfələrini bəxş etdiyinə, milli incəsənət aləmində göstərdiyi misilsiz xidmətlərinə görə görkəmli kino və teatr aktyoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) professoru, Xalq artisti Məmmədsəfa Məmmədəli oğlu Qasımov “Dədə Qorqud” Milli Fondu və “Azərbaycan Dünyası” beynəlxalq dərgisinin birgə layihəsi olan “Vətən Övladı” ictimai ordeni ilə təltif edilib.

Bu münasibətlə ADMİU-da ordenin təqdimetmə və M.Qasımova həsr olunmuş “Azərbaycan dünyası” jurnalının təqdimat mərasimi keçirilib. Mərasimdə universitet rəhbərliyi, professor-müəllim heyəti, tanınmış incəsənət nümayəndələri və media mənsubları iştirak ediblər. Tədbiri giriş sözü ilə açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova Məmmədsəfa Qasımovun geniş və çoxşaxəli yaradıcılığından danışaraq, onun həm bir aktyor, həm də pedaqoq kimi yüksək keyfiyyətlərini vurğulayıb. Sənətkarı yeni mükafatı münasibəti ilə təbrik edən rektor ordeni təqdim etmək üçün sözü “Dədə Qorqud” Milli Fondunun prezidenti və “Azərbaycan Dünyası” beynəlxalq dərgisinin baş redaktoru və təsisçisi Eldar İsmayıla verib.

E.İsmayıl rəhbəri olduğu fondun və dərginin fəaliyyəti haqqında məlumat verərək qeyd edib ki, Məmmədsəfa Qasımov yüksək peşəkarlığı, sənətkarlıq xüsusiyyətləri, səhnədə və auditoriyadakı layiqli xidmətləri ilə gənc nəslə örnək olan incəsənət xadimlərimizdən biridir. Daha sonra “Vətən Övladı” ictimai ordeni və diplomu Xalq artisti Məmmədsəfa Qasımova təqdim edilib.

Bu yüksək mükafata onu layiq bildiklərinə görə “Dədə Qorqud” Milli Fondunun prezidenti və “Azərbaycan Dünyası” beynəlxalq dərgisinin baş redaktoru və təsisçisi Eldar İsmayıla və Fondun İdarə Heyətinə öz təşəkkürünü bildirən M.Qasımov onun şərəfinə keçirilən möhtəşəm tədbirə görə ADMİU-nun rektoru C.Mahmudovaya və zəhməti keçən hər kəsə minnətdarlığını əlavə edib.

Tədbirdə Əməkdar İncəsənət Xadimi professor Məryəm Əlizadə, kinorejissor Tahir Tahiroviç, Xalq artisti, professor İlham Namiq Kamal, Xalq artisti, professor Oqtay Mirqasımov, Xalq artisti, professor Həmidə Ömərova, Əməkdar İncəsənət Xadimi, professor Əli Əmirli, Azərbaycan Dövlət Pedaqoji Kollecin müəllimi Mahnəzər Hüseynova və başqaları çıxış edərək Məmmədsəfa Qasımovun yaradıcılığından, yüksək insani keyfiyyətlərindən danışıb, onu yeni mükafatı münasibəti ilə təbrik ediblər.

Tədbir boyunca Xalq artisti Məmmədsəfa Qasımovun unudulmaz obrazlar canlandırdığı “Cavid ömrü”, “Günaydın, mələyim!”, “Qütb ulduzu”, “Köhnə çamadanlar” və “Dolu” filmindən fraqmentlər təqdim olunub.