Xalq artisti Oqtay Ağayevin 90 illik yubileyi qeyd edilib
Dekabrın 16-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsi Estrada sənəti kafedrası tərəfindən unudulmaz müğənni, Xalq artisti Oqtay Ağayevin 90 illik yubileyinə həsr olunmuş “Kimsən sən…” konsert proqramı keçirilib.
Konsertdə ADMİU-nun rəhbərliyi, professor-müəllim heyəti, ölkəmizin bir sıra ali təhsil ocaqlarının rektorları, tanınmış ictimaiyyət nümayəndələri, musiqisevərlər və Oqtay Ağayev sənətinin pərəstişkarları iştirak ediblər.
Proqramda ölməz sənətkarın repertuarından səsləndirilən ən məşhur mahnılar tamaşaçıların qəlbini oxşayıb. Çıxışlar zamanı O.Ağayevin zəngin yaradıcılığını əks etdirən görüntülər böyük ekranda nümayiş etdirilib.
Sonda Estrada sənəti kafedrasının müdiri professor Məryəm Babayeva çıxış edərək Xalq artistinin həyat və yaradıcılığından bəhs edib, onun böyük sənətinin bu gün də Azərbaycanın gənc musiqiçilərinə, müğənnilərinə mayak olduğunu deyib.