Xeyriyyə məqsədli “ARTır” VIII Bədii Auksion keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Rəssamlıq fakültəsinin təşkilatçılığı ilə “ARTır” VIII Bədii Auksion keçirilib. Xeyriyyə məqsədi ilə keçirilən auksionda universitet rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və dəvətli qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən ADMİU-nun rektoru professor Ceyran Mahmudova ənənəvi bədii auksiondan söz açaraq bildirib ki, xeyriyyə auksionu ənənəvi olaraq hər il Rəssamlıq fakültəsinin bakalavr və magistr tələbələrinin dərsdən kənar müstəqil yaradıcılıq işlərinin hərracını təqdim edir. Layihənin həyata keçirilməsi ideyası ilk dəfə 2017-ci ildə ADMİU-nun Rəssamlıq fakültəsinin Sənətşünaslıq ixtisasında “Sərgi və auksion işinin təşkili” fənninin tədris olunmağa başlanılması ilə yaranıb. Auksionda təsviri sənət, dizayn və dekorativ-tətbiqi sənət ixtisasları üzrə təhsil alan tələbələrin müxtəlif mövzu və texnikada yaradılmış əsərləri hərraca çıxarılır. Əsərlərin satışından əldə edilən maddi vəsaitlə universitetimizdə təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələrə dəstək olunur.
Qeyd edək ki, bu dəfə auksionda 41 əsər satışa çıxarılıb və onların hamısı öz alıcısını tapıb.