Xocalı soyqırımının 32-Cİ ildönümü ADMİU-da anılıb
Fevralın 26-sı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsində Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə universitet rəhbərliyi, fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Anım mərasimində Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım tədbirini giriş sözü ilə açan ADMİU-nun Elm və yaradıcılıq işləri üzrə prorektoru dosent Sədaqət Əliyeva 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etməsindən danışıb. Qeyd edib ki, erməni təcavüzkarlarının xalqımıza qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. O, Xocalı soyqırımı qurbanlarının xatirəsinin bu gün qalib xalqın nümayəndəsi, Qələbə qazanmış Azərbaycan vətəndaşı kimi böyük ehtiramla yad etdiyini və bundan böyük qürur hissi keçirdiyini dilə gətirib.
ADMİU-nun Kulturologiya fakültəsinin dekanı dosent Vasif Adilov, Sosial-siyasi elmlər kafedrasının müdiri professor Xaləddin Sofiyev və başqaları çıxış edərək Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılmasından, beynəlxalq aləmdə bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən layihələrdən danışıb, bu istiqamətdə gənclərin rolunu vurğulayıblar.
Daha sonra Musiqi sənəti fakültəsinin müəllim və tələbələrinin ifasında Xocalı soyqırımına həsr olunmuş musiqi nümunələri ifa olunub.