Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Xocalı soyqırımının 34-cü ildönümünə həsr edilmiş anım tədbiri keçirilib. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ADMİU-nun Elm və Yaradıcılıq işləri üzrə prorektoru, dosent Sədaqət Əliyeva açılış nitqi ilə çıxış edərək bildirib ki, tarix boyu xalqımızın başına gətirilən ən qanlı faciələrdən biri də Xocalı soyqırımıdır. Prorektor qeyd edib ki, XX əsrin faciəsi adlandırılan Xocalı soyqırımı hər il fevral ayında ölkəmizdə olduğu kimi, universitetimizdə də silsilə tədbirlərlə anılır, hər zaman bu kimi mövzular istiqamətində tələbələrin maarifləndirilməsinə işinə böyük diqqət göstərilir.
S. Əliyevanın çıxışından sonra Xocalı soyqırımına həsr edilən videoçarx nümayiş olunub.
Daha sonra söz tədbirin qonağı- Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Azad Rzayevə verilib. Tarixçi-alim öz çıxışında Xocalı faciəsindən öncəki tarixə də nəzər salaraq, bu faciənin baş vermə səbəblərindən, 1992-ci il fevralın 25-dan 26-na keçən gecə Xocalıda törədilən faciədə Azərbaycan xalqının başına gətirilən müsibətlərdən, bu kütləvi qırğında yüzlərlə insanın vəhçicəsinə qətlə yetirilməsindən, yandırılmasından və girov götürülməsindən danışıb.
Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərdən də söhbət açan alim qeyd edib ki, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində Ulu Öndər Heydər Əliyevin yürütdüyü siyasət bu gün dövlət başçısı Cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfər nəticəsində Xocalı soyqırımı qurbanlarının, eləcə digər şəhidlərimizin qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri separatçılardan tamamilə təmizləndi. Dövlət başçısı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltmaqla soyqırımı qurbanlarının qanının yerdə qalmadığını, onların qisasının alındığını bir daha sübuta yetirdi.
Həmçinin bildirilib ki, qazanılan bütün zəfərlərə, yaşanılan bütün sevinclərə baxmayaraq, Xocalı faciəsi yenə də millətimizin başına gətirilmiş ən qanlı hadisələrdən biri ki, bu xalqın yaddaşında əbədi yaşayacaq. Xocalı qurbanlarının, onun azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi heç zaman unudulmayacaq.

