Yeni təhsil proqramlarının hazırlanması üzrə Dizayn və Musiqi ixtisasları üzrə altqrupların iclasları keçirilib

Yeni təhsil proqramlarının hazırlanması üzrə 18 mart 2025-ci il tarixinədək mədəniyyət sahəsi üzrə hər bir ixtisas daxilində ixtisaslaşmaların siyahısı müəyyən edilib Elm və Təhsil Nazirliyinə təqdim edilməlidir. ADMİU-nun təsdiq olunmuş İş Planına müvafiq olaraq rektor professor Ceyran Mahmudovanın həmsədri olduğu Mədəniyyət ixtisasları üzrə İşçi Qrupunun iclasları davam edir.
Martın 10-da rektor Ceyran Mahmudovanın sədrliyi ilə Dizayn ixtisası üzrə altqrupun iclası baş tutub. ADMİU-nun Tədris işləri üzrə prorektoru Nigar Rüstəmova, Rəssamlıq fakültəsinin dekanı Səyalı Quliyeva, Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının müdiri Arif Əziz, Azərbaycan Rəssamlıq Akademiyasının Tədris işləri üzrə prorektoru Afət Aslanovanın rəhbərlik etdiyi, Qərbi Kaspi Univeristetinin Auditoriyadan kənar işlər üzrə prorektoru Sevda Sadıxbəyovanın rəhbərlik etdiyi, Bakı Mühəndislik Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin nümayəndə heyətlərinin iştirakı və Azərbaycan Texnologiya Universitetinin nümayəndəsi Yüngül sənaye mühəndisliyi və dizayn kafedrasının müdiri Tofiq Mirzəyevin onlayn iştirak etdiyi iclasda Dizayn ixtisası üzrə universitetlər magistratura səviyyəsində kadr hazırlığı aparılan ixtisaslaşmalarla bağlı təkliflər irəli sürülüb.
Martın 11-də Bəstəkarlıq, Dirijorluq, İnstrumental ifaçılıq, Musiqişünaslıq, Populyar musiqi və caz ifaçılığı, Vokal sənəti ixtisasları ilə bağlı altqrupun iclası baş tutub. Rektor Ceyran Mahmudovanın sədrliyi ilə keçirilən iclasda müvafiq Ali təhsil müəssisələrinin nümayəndələri iştirak edirdi. Müvafiq ixtisasların ixtisaslaşmalarına dair təkliflər Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektor Nərminə Quliyevanın və Azərbaycan Milli Konservatoriyası Elmi işlər üzrə prorektor Lalə Hüseynovanın və Naxçıvan Dövlət Universitetinin Tədris departamentinin direktoru Şahin Əliyevin rəhbərlik etdiyi heyətlərlə yanaşı, ADMİU-nun Tədris işləri üzrə prorektoru Nigar Rüstəmova, Musiqi tarixi və nəzəriyyəsi kafedrasının müdiri Ellada Hüseynova, Xalq çalğı alətləri ifaçılığı kafedrasının müdiri Umud İbrahimov tərəfindən müzakirə edilib.
İclaslarda aktuallığını itirmiş ixtisaslaşmaların ləğvi, qədim Azərbaycan mədəniyyətinin müstəsna nümunəsi olan Aşıq sənətinin müstəqil ixtisas kimi təsnifata salınması və digər məsələlər yer alıb.
ADMİU ilə ölkəmizin mədəniyyət ixtisasları üzrə magistratura səviyyəsində kadr hazırlığı aparan digər universitetləri arasında müzakirələr uğurla davam etdirilir.