“Zəfər salnaməmiz – multidissiplinar araşdırma mövzusudur” adlı açıq dərs və kitab sərgisi

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kitabxana-informasiya mərkəzində Kulturologiya, Teatr sənəti və Musiqi sənəti fakültələrinin I təhsil ilinin magistrantlarının iştirakı ilə “Zəfər salnaməmiz – multidissiplinar araşdırma mövzusudur” adlı açıq dərs və kitab sərgisi təşkil olunub. Tədbir Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyində rəşadətli ordumuzun qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsi tarixinin müxtəlif elm və incəsənət sahələri kontekstində – mədəniyyət, incəsənət, informasiya, tarix, ədəbiyyat, sosiologiya, sənətşünaslıq və digər aspektlərində tədqiqini təşviq etmək məqsədilə keçirilib.

Açıq dərsi giriş sözü ilə ADMİU-nun Muzeyşünaslıq və turizm kafedrasının baş müəllimi, Kitabxana-informasiya mərkəzinin biblioqrafı Natiq Mürsəlov açaraq Zəfər mövzusunun yalnız hərbi-siyasi deyil, habelə, multidissiplinar elmi və mədəni təhlil obyektinə çevrildiyini nəzərə çatdırıb. Bildirilib ki, bu istiqamətdə aparılan elmi araşdırmalar Azərbaycanın müasir tarixinin sənədləşdirilməsi və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Tədbirdə  Muzeyşünaslıq və turizm kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Eldəniz Məmmədov çıxış edərək Vətən müharibəsi dövründə informasiya məkanında milli həmrəyliyin və vətənpərvərlik ruhunun formalaşmasında mədəniyyət və təhsil ocaqlarının rolundan danışıb. O, həmçinin, Zəfər mövzusunun multidissiplinar elmi yanaşmalarla tədqiqinin gələcək nəsillər üçün dəyərli elmi irs yaradacağını qeyd edib. Gənc tədqiqatçılar tərəfindən “Zəfər dövrü ədəbiyyatında qəhrəmanlıq motivləri”, “Mədəni irs və yaddaş siyasəti”, “Rəqəmsal resurslarda Vətən müharibəsi materiallarının sistemləşdirilməsi” kimi mövzuların tədqiq olunması ilə bağlı tövsiyələr irəli sürülüb.

Tədbir çərçivəsində Kitabxana-informasiya mərkəzin tərəfindən hazırlanan “Zəfər salnaməmiz” adlı tematik kitab sərgisinə baxış keçirilib. Sərgidə Vətən müharibəsinə həsr olunmuş monoqrafiyalar, sənədli mənbələr, fotoalbomlar, elmi məqalələr və ADMİU-nun professor-müəllim heyətinin nəşrləri magistrantların diqqətinə təqdim edilib. Sonda iştirakçılar arasında müzakirələr aparılıb və bu cür tədbirlərin Zəfər tariximizin elmi, mədəni və informasiya yönlərinin öyrənilməsi, eləcə də, gənc tədqiqatçılarda milli kimlik və elmi məsuliyyət hissinin formalaşması baxımından xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.