Zəfərimizin 5 illi münasibəti ilə “Allaha salam” filmi nümayiş olunub

Noyabrın 14-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Zəfərimizin 5 illiyinə həsr olunmuş “Tarixə çevrilən həqiqət- unutmadıq, unutmarıq …” adlı tədbir və “Allaha Salam” filminin nümayişi keçirilib.

Tədbirdə millət vəkilləri, universitet rəhbərliyi, Vətən müharibəsi iştirakçıları, qazilər, tanınmış ictimaiyyət nümayəndələri, müəllimlər və tələbələr iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış nitqi ilə çıxış edən ADMİU-nun rektoru professor Ceyran Mahmudova qonaqları salamlayıb, onları rəhbərlik etdiyi təhsil müəssisəsində görməkdən məmnunluğunu dilə gətirib. 2025-ci ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” olduğunu xatırladan xanım rektor Vətən müharibəsinin və onun nəticəsində qazanılan şanlı Zəfərimizin ölkəmiz və eləcə də bütün Türk dünyası üçün önəm və mahiyyətindən danışıb. Bu zəfərin memarı olan şəhidlərimizin, qazilərimizin, Vətən müharibəsi iştirakçılarımızın hər zaman sayğı və ehtiramla yad edildiyini deyən C. Mahmudova Mədəniyyət və İncəsənət Universitetinin çoxprofilli ali təhsil müəssisəsi kimi hər zaman bu mövzulara fərqli aspektlərdən yanaşdığını, silsilə tədbirlər həsr etdiyini də vurğulayıb.

Mərasimdə Vətən müharibəsi görüntüləri və cənab Prezident İlham Əliyevin çıxışlarından ibarət video çarx nümayiş olunub.

ADMİU-nun Teatr sənəti fakültəsinin Dram Teatrı və kino aktyoru kafedrasının müdiri, Əməkdar artist, professor Gülşad Baxşıyeva Vətən uğrunda canından keçən şəhidlərimizə həsr etdiyi çıxışında onların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını deyib.

Tədbirdə Xalq artisti, ADMİU-nun professoru Məmmədsəfa Qasımovun ifasında şair İlqar Fəhminin “Balaca kişilər” şeiri maraqla qarşılanıb.

Daha sonra ADMİU-nun məzunu, rejissor, şair Xəyal Rzanın “Allaha salam” filmi nümayiş olunub.

Filmdən sonra ekran əsərinin ssenari müəllifi və rejissoru Xəyal Rza və baş rolun ifaçısı Xalq artisti Məmmədsəfa Qasımov çıxış edərək filmin yaranma prosesindən danışıblar. Bu filmin onun diplom işi olduğunu deyən X. Rza vətənpərvərlik mövzusuna həsr olunmuş bir işi araya-ərsəyə gətirdikləri üçün məmnunluğunu dilə gətirib.

Tədbirdə çıxış edən millət vəkili Səyyad Aran film haqqında müsbət fikirlərini dilə gətirib, bu mövzuda ekran əsərlərinin çəkilməsinin əhəmiyyətindən danışıb.

ADMİU-nun müəllimi Vüqar Hacıyev və magistr tələbəsi Əzizəxanım Kazımovanın ifasında vətənpərvərlik mövzulu mahnılar səsləndirilib.