ADMİU-nun tələbələri Şuşa Humanitar Kollecinin səhnəsində
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Yaradıcılıq Layihələrinin İdarə Olunması şöbəsinin təşəbbüsü ilə universitetin istedadlı tələbələri Şuşa Humanitar Kollecinin akt zalında tanınmış dramaturq Rövşən Ağayevin müəllifi olduğu “Bir gecənin nağılı” tamaşası ilə çıxış ediblər.
Tamaşa kollecin tələbələri və müəllim heyəti tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Səhnə əsəri gənclərin diqqətini cəlb etməklə yanaşı, onlarda teatr sənətinə olan marağı daha da artırıb.
Tədbirdə çıxış edən Şuşa Humanitar Kollecinin direktoru Mehriban Qasımova çıxışında tamaşanın yüksək səviyyədə təqdim olunduğunu vurğulayaraq tələbələrin ifasını maraqla izlədiklərini bildirib. O, bu cür görüşlərin gənclərin dünyagörüşünün formalaşmasında və mədəni inkişafında mühüm rol oynadığını qeyd edib, eyni zamanda ADMİU kollektivinə təşəkkürünü bildirib və belə tədbirlərin daha tez-tez təşkil olunmasının vacibliyini vurğulayıb. Həmçinin ADMİU-nun Dram Teatrı və Kino Aktyoru kafedrasının müdiri, Əməkdar artist, professor Gülşad Baxşıyeva çıxışında tələbələrin səhnə performansını yüksək qiymətləndirərək onların gələcək uğurlarına inandığını bildirib. O, bu kimi yaradıcılıq səfərlərinin gənc aktyorların peşəkar inkişafında mühüm rol oynadığını xüsusi vurğulayıb.
Qeyd edək ki, bu cür səfərlər ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, eyni zamanda gənclərin mədəni və yaradıcı potensialının inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.

