ADMİU-da 25-ci dəfə “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda konfrans keçirilib

Aprelin 30-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda XXV Beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Konfransa ölkə daxilindən və xaricdən müxtəlif ali məktəb və mədəniyyət ocaqlarını təmsil edən elm adamları qatılıblar.

Konfransı giriş sözü ilə açan ADMİU-nun rektoru, professor Ceyran Mahmudova qonaqları salamlayıb və konfransın işində uğurlar diləyib. Rektor qeyd edib ki, artıq 25 ildir ADMİU-da “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans keçirilir. 25 il davamlı olaraq konfrans təşkil etməyin məsuliyyətindən və çətinliyindən söz açan rektor bu işdə əməyi olan hər kəsə öz təşəkkürünü bildirib.

C.Mahmudova qeyd edib ki, bu konfransın təməli qoyulan zamanlarda Azərbaycanda türksoylu xalqların musiqi mədəniyyəti haqqında ciddi mənbələr çox az sayda idi. Bu konfrans isə tədqiqatçıların, gənc araşdırmaçıların diqqətini bir daha bu sahəyə yönəltdi. Çıxışının sonunda rektor konfransın işində uğurlar arzu edib.

Azərbaycan Milli Konservatoriyasının rektoru, Əməkdar İncəsənət xadimi, professor Kamilə Dadaş-zadə çıxış edərək bildirib ki, türk xalqları zəngin mədəni irsə, musiqi ənənələrinə malikdir. İllərdən bəri ənənəvi şəkildə keçirilən bu beynəlxalq konfransda Türk xalqlarının musiqisi tanınmış tədqiqatçılar tərəfindən hərtərəfli şəkildə öyrənilərək təqdim olunur.

Bu ilin Azərbaycan üçün bir sıra önəmli hadisələrlə əlamətdar olduğunu qeyd edən K.Dadaş-zadə bu baxımdan Birinci Türkoloji Qurultayın 100 illik yubileyini və bu yubileyin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı cənab Prezidentin müvafiq Sərəncamını xüsusi qeyd edərək, bunun türk xalqlarının birliyi, bərabərliyi yolunda atılan növbəti uğurlu addım kimi dəyərləndirib.

Professor həmçinin, 25 il ərzində bu konfransa təqdim olunan məqalələrdən seçmə məqalələrin toplu şəklində çap edilməsi təklifi ilə də çıxış edib.

Bakı Xoreoqrafiya Akademiyasının Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini icra edən Əməkdar artisti Nailə Məmməd-zadə çıxışında konfransın önəmindən danışıb və uğurlar arzulayıb.

Çıxışlardan sonra söz məruzəçilərə verilib.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zümrüd Axundova-Dadaşzadə “Homo Musicans (Aida Tağızadənin musiqişünaslıq elminə töhfələri)”, Türkiyədən dəvət olunmuş professor Latife Summerer Türk qılınc və qalxan rəqsində vasitəçilərsiz ritm mövzusunda məruzələrlə çıxış ediblər.

Məruzələrdən sonra konfransın tarixinə həsr olunmuş video-çarx nümayiş olunub.

Daha sonra konfrans işini seksiya iclasları ilə davam etdirib.