Elmi Şuranın növbəti iclası baş tutub
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Elmi Şurasının növbəti iclası keçirilib.
İclasın əvvəlində universitetin rektoru professor Ceyran Mahmudova Rəssamlıq fakültəsinin Təsviri sənət kafedrasının baş müəllimi, Samir Qafarovu 60 illik yubileyi münasibəti ilə təbrik edib, ona can sağlığı, uğurlar arzu edib.
Davamında rektor Rəssamlıq fakültəsinin Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının müdiri, Xalq rəssamı, professor Arif Əzizə Türk Dünyası Rəssamlar Akademiyasının Həqiqi üzvlüyünə qəbul edilməsi ilə bağlı diploma təqdim edib, ona daha böyük yaradıcılıq uğurları arzu edib.
Rektor C.Mahmudova Musiqi sənəti fakültəsinin Musiqi tarixi və nəzəriyyəsi kafedrasının dosenti Nərmin Kamilovanı dosent elmi adı alması, Audiovizual sənətlər fakültəsi Ədəbiyyat və dillər kafedrasının müəllimi Cahanxanım Yaqubova və Teatr sənəti fakültəsinin Teatrşünaslıq kafedrasının böyük laborantı Ausel Rüstəmovanı fəlsəfə doktoru diplomu münasibəti ilə təbrik edib, onlara pedaqoji və elmi fəaliyyətlərində uğurlar arzulayıb.
İclasda həmçinin, Qırğızıstanın Bişkek şəhərində keçirilən “Жаңы Ысымдар” XI Beynəlxalq Tələbə Teatr Festivalında onlayn formatda Yura Zoyferin “Vineta və ya batmış şəhər” tamaşası ilə uğurla iştirak edən ADMİU SABAH qrupları “Aktyor sənəti” ixtisası üzrə IV kurs təhsil ili tələbələri dəvət olunub. Bildirilib ki, onların ifa etdikləri tamaşa festivalda “Ən yaxşı tamaşa” nominasiyası üzrə III yerə layiq görülüb, tamaşanın rejissoru, kursun rəhbəri Mikayıl Mikayılov “Ən yaxşı eksperiment”, tələbə Rahib Allahquliyev isə “Ən yaxşı kişi rolu” nominasiyaları üzrə diplomla təltif ediliblər.
Daha sonra iclas gündəlikdəki məsələlər, hesabatlar və cari məsələlərlə öz işini davam etdirib.

