PİLLƏ 4 Respublika Tələbə Tamaşaları Festivalı öz işinə başladı
Mayın 4-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının tərəfdaşlığı ilə keçirilən “Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalının açılış mərasimi baş tutub.
Tədbirdə qeyd olunub ki, 2022-ci ildə universitetin 100 illik yubileyinə töhfə olaraq “ADMİU 99+” layihəsi çərçivəsində əsası qoyulan “PİLLƏ” festivalı qısa müddətdə ənənəyə çevrilərək ölkə miqyasında mühüm sənət platforması statusu qazanıb.
Bu il dördüncü dəfə təşkil olunan festival tələbələri yaradıcılığa ruhlandırmaq, gənc istedadların üzə çıxarılmasına dəstək vermək və teatr tədrisi prosesini aktivləşdirmək məqsədi daşıyır.
Açılış mərasimində çıxış edən ADMİU-nun rektoru, Əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudova festivalın gənc istedadların formalaşmasında və milli teatr sənətinin gələcəyində mühüm rol oynadığını vurğulayıb. Rektor bildirib ki, universitetin hazırda təmirdə olan Tədris Teatrı istismara verildikdən sonra festivalın beynəlxalq səviyyədə keçirilməsi planlaşdırılır.
Tədbird boyunca ADMİU-nun İctimaiyyətlə əlaqələr, marketinq və Sİ şöbəsi tərəfindən hazırlanmış videoçarxlar və animasiya nümayiş etdirilib.
Münsiflər heyətinin sədri, professor İsrafil İsrafilov çıxış edərək festivalın əhəmiyyətindən danışıb və qısa müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, mühüm və uğurlu işlərə imza atdığını vurğulayıb.
Ardınca ötən il keçirilən PİLLƏ 3 Tələbə Tamaşaları Festivalının ADMİU üzrə “Ən yaxşı tamaşa” nominasiyasının qalibi “Yay gecəsində yuxu” tamaşasının baş rol ifaçısı Rahib Allahquliyev və digər ali təhsil müəssisələri üzrə “Ən yaxşı qadın rolu” nominasiyasının qalibi, Azərbaycan Dillər Universitetinin tələbəsi Ruqiyyə Nəsirova çıxış edərək öz təcrübələrini və təəssüratlarını bölüşüblər.
Qeyd olunub ki, festival çərçivəsində iştirakçılar müxtəlif nominasiyalar üzrə mübarizə aparırlar. Bu il proqramda “Ən yaxşı ikinci plan kişi rolu” və “Ən yaxşı ikinci plan qadın rolu” nominasiyaları da yer alıb.
Tamaşalarla yanaşı, festival çərçivəsində peşəkar müzakirələr və teatr analizləri də keçiriləcək.
Festival proqramına ümumilikdə 23 tamaşa daxildir. Onlardan 12-si ADMİU-nun, 11-i isə digər ali təhsil müəssisələrinin tələbə teatr kollektivlərinə məxsusdur.
Açılış mərasimindən dərhal sonra ADMİU tələbələrinin ifasında festivalın ilk tamaşası- V.Rasputinin “Halallıq” əsəri nümayiş olunub.
Qeyd edək ki, festivalın bağlanış və mükafatlandırma mərasimi mayın 8-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrda keçiriləcək.

