ADMİU-nun tələbəsinin ifası beynəlxalq səviyyədə yüksək qiymətləndirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) İnstrumental ifaçılıq kafedrasının təşkilatçılığı ilə keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş “Gələcəyin müəllimi” III Musiqi Müsabiqəsinin I yer qalibi, ADMİU-nun I tədris ili tələbəsi Vüsal Mahmudovun ifası beynəlxalq səviyyədə yüksək qiymətləndirilib.
Müsabiqədə səsləndirilən əsərin müəllifi — müasir özbək bəstəkarı, Özbəkistan Dövlət Konservatoriyasının Bəstəkarlıq kafedrasının dosenti Cahongir Şükür Vüsal Mahmudova səsli təbrik mesajı göndərərək, onun əsərə göstərdiyi orijinal və peşəkar yanaşmanı yüksək dəyərləndirib. Bəstəkar gənc ifaçıya gələcək yaradıcılıq fəaliyyətində yeni uğurlar, parlaq səhnə həyatı və yeni nailiyyətlər arzulayıb.
Cahongir Şükür şəxsi sosial şəbəkə hesabında paylaşım edərək də Vüsal Mahmudovu təbrik edib. Bəstəkar paylaşımında bildirib:
“It is nice to know that my recently composed piece is included in the program of the performers’ competition in Azerbaijan. I am grateful to the talented violinist Vusal Makhmudov. He performed my piece “Charkhpalak” at the violin competition in Baku last week. I also congratulate Vusal on his prize as the winner of the competition.”
Səsli müraciətdə tələbənin müəllimi, dosent Zəhra Qarayeva və kafedra müdiri, professor, bəstəkar Adilə Yusifovaya da təşəkkür ifadə olunub. Qeyd edilib ki, bəstəkarın not materiallarının əldə olunaraq əsərin ilk dəfə Azərbaycanda səsləndirilməsi məhz onların təşəbbüsü və dəstəyi sayəsində mümkün olub.
Bu uğur “Gələcəyin müəllimi” III Musiqi Müsabiqəsinin gənc ifaçıların peşəkar inkişafına və beynəlxalq musiqi əlaqələrinin möhkəmlənməsinə verdiyi töhfənin növbəti nümunəsidir.