ADMİU-nun dosenti Nəzakət Səfərova beynəlxalq elmi-praktik konfransda iştirak edib
19–23 may 2026-cı il tarixlərində Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərində “Культурное наследие народов Содружества: Ремесленный предмет как носитель культурного кода” (“Birlik ölkələri xalqlarının mədəni irsi: sənətkarlıq nümunəsi mədəni kodun daşıyıcısı kimi”) adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.
Konfransda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nəzakət Səfərova iştirak edib.
Nəzakət Səfərova tədbir çərçivəsində “Влияние апсайклинга на развитие устойчивой моды в современной fashion-индустрии” (“Apsayklinqin müasir moda sənayesində davamlı modanın inkişafına təsiri”) mövzusunda elmi məruzə ilə çıxış edib. Məruzədə davamlı moda konsepsiyasının inkişafında apsayklinq yanaşmasının rolu, onun ekoloji və sosial təsirləri, eləcə də müasir moda sənayesində tətbiq perspektivləri təqdim olunub.
Tədbir zamanı müxtəlif ölkələrdən olan alimlər, tədqiqatçılar və sənət mütəxəssisləri arasında elmi fikir mübadiləsi aparılıb, mədəni irsin qorunması, öyrənilməsi və gələcək nəsillərə ötürülməsi ilə bağlı aktual məsələlər müzakirə olunub.
Konfrans çərçivəsində təşkil edilən “Национальная одежда – дух предков” (“Milli geyim – əcdadların ruhu”) adlı beynəlxalq etno-defiledə postsovet məkanını təmsil edən ölkələrin nümayəndələri milli geyim nümunələrini və ənənəvi sənətkarlıq irsini nümayiş etdiriblər.
Tədbir çərçivəsində Nəzakət Səfərovanın rəhbərliyi ilə hazırlanmış “XƏMSƏ” adlı kolleksiya təqdim olunub. Təkrar emal prinsipləri və müasir dizayn yanaşmalarını özündə birləşdirən kolleksiya iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Konfransın sonunda Nəzakət Səfərovaya tədbirdə iştirakını təsdiq edən sertifikat təqdim olunub.

