ADMİU-nun dosenti Nəzakət Əhmədova-Səfərova beynəlxalq mükafata layiq görülüb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “Dizayn və dekorativ-tətbiqi sənət” kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru (PhD), rəssam-modelyer Nəzakət Əhmədova-Səfərova Cənubi Koreyada keçirilən 26-cı Beynəlxalq FABI Moda Sərgisində uğur qazanıb.

Davamlı moda və innovativ dizayn mövzularına həsr olunmuş sərgidə onun təqdim etdiyi “NITRO-FIBER (N.T.F.)” layihəsi beynəlxalq münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib və “Excellence Award” (Mükəmməllik Mükafatı) ilə təltif olunub.

Layihə tekstil tullantılarının təkrar emalı əsasında hazırlanmış eksperimental kolleksiyanı əhatə edir. Xalça sapları və digər tekstil materiallarından istifadə olunmaqla ərsəyə gətirilən kolleksiya davamlı dizayn yanaşmalarını ön plana çıxarır və tullantı materialların yeni estetik dəyər qazana biləcəyini nümayiş etdirir.

Qeyd edək ki, müxtəlif ölkələrdən dizaynerlərin qatıldığı sərgi moda sahəsində ekoloji və innovativ həllərin təqdim olunduğu nüfuzlu beynəlxalq platformalardan biridir.