ADMİU tələbələri “Yay düşərgəsi – 2026”da fəal iştirak ediblər
7–12 sentyabr 2026-cı il tarixlərində Nabran qəsəbəsində yerləşən Təhsil İstirahət Mərkəzində “Yay düşərgəsi – 2026” təşkil olunub. Düşərgədə ölkənin müxtəlif ali təhsil müəssisələrini təmsil edən 700-ə yaxın tələbə iştirak edib.
Düşərgənin əsas məqsədlərindən biri müxtəlif ali təhsil müəssisələrinin tələbələri arasında qarşılıqlı ünsiyyətin, əməkdaşlığın və təcrübə mübadiləsinin gücləndirilməsi olub.
Proqram çərçivəsində tələbələr müxtəlif idman və intellektual yarışlarda, mədəni tədbirlərdə, eləcə də əyləncəli proqramlarda iştirak ediblər.
Sentyabrın 8-də Təhsil İstirahət Mərkəzində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə “Şəhərsalma və memarlıq: gələcəyə baxış” mövzusunda tədbir keçirilib. Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev və ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.
Görüş zamanı şəhərsalma və memarlığın müasir inkişaf istiqamətləri, bu sahədə tətbiq olunan innovativ yanaşmalar, həmçinin gələcəyin şəhər mühitinin formalaşdırılması ilə bağlı aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Düşərgədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Rusif Əliyev və universitetin 30-a yaxın tələbəsi də iştirak edib.
ADMİU tələbələri düşərgə çərçivəsində təşkil olunan idman, intellektual və mədəni tədbirlərdə fəallıq nümayiş etdiriblər. Eyni zamanda, tələbələrin təşəbbüsü ilə hazırlanan teatr kompozisiyaları və musiqili şou proqramlar düşərgə iştirakçılarına təqdim olunub.

