ADMİU-nun İnstrumental ifaçılıq kafedrasının müəllim və tələbələrinin konserti keçirilib
Aprelin 30-da Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsinin İnstrumental ifaçılıq kafedrasının müəllim və tələbələrinin iştirakı ilə “Monolog, Dialog and the Camerata Students Orchestra” adlı konsert proqramı keçirilib.
Proqram çərçivəsində dünya klassik musiqisinin görkəmli bəstəkarlarının əsərləri Camerata Students Orkestrinin və tələbələrin solo və ansambl ifalarında səsləndirilib. Orkestrin bədii rəhbəri və dirijoru müəllim Fuad Nəsibovdur. Tədbirdə müəllimlər Səbinə Quliyeva və Fuad Nəsibovun pedaqoji fəaliyyəti xüsusi qeyd olunub.
Konsert-təqdimatın bədii rəhbəri professor Adilə Yusifova, aparıcısı isə ADMİU-nun “Musiqi tarixi və nəzəriyyəsi” kafedrasının magistrantı Fidan Əkbərova olub.
Konsertdə I təhsil ili tələbələri Rəna Sadıxova, Leyla Məmmədli, Abbasova Sevda, II təhsil ili tələbələri Türkan Mustafayeva, Büsat Yusifzadə, Mehman Mirzəyev, III təhsil ili tələbələri Nərgiz Səfərli, Cəmilə Hüseynzadə, Aynur Əhədova, Ülvi Tahirov, Vüsal Əliyev, Musa Musayev, IV təhsil ili tələbələri Yəhya Rzayev, Ağa Babazadə, Leyla İsgəndərova dinləyicilər qarşısında uğurla çıxış ediblər. Tələbələrin çıxışlarında müşayiətçi qismində baş müəllim Leyla Parlanova iştirak edib.
Konsert proqramı gənc ifaçıların əldə etdikləri nailiyyətlərin nümayişi baxımından əhəmiyyətli mədəni hadisə kimi yadda qalıb. Tədbirin yüksək səviyyədə təşkilinə göstərilən dəstəyə görə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru professor Ceyran Mahmudovaya və Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikovaya təşəkkür bildirilib.

