ADMİU-da akademik və peşəkar inkişafın uğurları
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) əməkdaşları – sənətşünaslıq üzrə fəlsəfə doktoru Səyavuş Elman oğlu Məhişov dosent elmi adına, Ülkər Ramiz qızı Məmmədova isə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüblər.
Universitetin elmi-pedaqoji potensialının gücləndirilməsi, akademik kadrların peşəkar inkişafının dəstəklənməsi və elmi fəaliyyətin təşviqi istiqamətində əldə olunan bu nailiyyətlər ali təhsil müəssisəsində formalaşan davamlı inkişaf mühitinin mühüm göstəricilərindəndir.
Kulturologiya fakültəsinin dekanı Səyavuş Məhişova elmi-pedaqoji fəaliyyətinin nəticələrinə əsasən sənətşünaslıq elm sahəsinin 6219.01 – Kulturologiya və onun ümumi məsələləri ixtisası üzrə dosent elmi adı verilib. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 12 noyabr 2026-cı il tarixli qərarı ilə ona müvafiq attestat təqdim olunub.
Tədris şöbəsinin Ömürboyu təhsil, karyera və məzunlarla iş bölməsinin metodisti Ülkər Məmmədovaya isə sənətşünaslıq elm sahəsinin 6212.01 – Teatr sənəti ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 12 noyabr 2026-cı il tarixli qərarı əsasında ona müvafiq diplom təqdim olunub.

