ADMİU-da Kəlağayı günü qeyd olunub

Noyabrın 26-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Kəlağayı Günü münasibətilə “Kəlağayı bayramı” adlı konsert təşkil olunub.
Tədbirdə universitet rəsmiləri, tələbələr, qonaqlar və media nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən ADMİU-nun rektoru, professor Ceyran Mahmudova kəlağayı sənətinin qədim tarixindən bəhs edib.
“Kəlağayı sənətinin müasir dövrdə yaşadılması və gələcək nəsillərə ötürülməsi təqdirəlayiqdir. Kəlağayı yalnız dekorativ sənət nümunəsi deyil, həm də xalqımızın zəngin mədəni irsini, milli kimliyini və tarixi ənənələrini özündə əks etdirən mühüm dəyərdir. Bu sənətin qorunması, təbliği və yeni yaradıcılıq nümunələri ilə zənginləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Sevindirici haldır ki, bu gün gənc nəsil arasında da kəlağayıya maraq artır. İnanırıq ki, ənənəvi sənət nümunələrimiz gələcək nəsillər tərəfindən də qorunacaq və yaşadılacaq”, – deyə rektor əlavə edib.
“Kəlağayı ev-muzeyi”nin yaradıcısı, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı Kəlağayı Gününün təsis olunması barədə məlumat verərək deyib: “UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Azərbaycan kəlağayı sənətinin UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi bu sənətin beynəlxalq səviyyədə tanınmasının mühüm göstəricisidir. Bu hadisə xalqımızın əsrlər boyu qoruyub saxladığı sənət ənənələrinin bəşəriyyətin ortaq mədəni irsinin bir hissəsi kimi əhəmiyyətini nümayiş etdirir”.
Şair Səadət Buta kəlağayının milli kimliyimizin və mədəni irsimizin mühüm rəmzlərindən biri olduğunu vurğulayıb.
Tədbir konsert proqramı ilə davam edib.