ADMİU-da ARUCAD Universiteti ilə əməkdaşlıq çərçivəsində görüş keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ilə Şimali Kiprin Arkin Yaradıcı İncəsənət və Dizayn Universiteti (ARUCAD) arasında mövcud əməkdaşlıq əlaqələri çərçivəsində ARUCAD Universitetinin Sosial və Beynəlxalq əlaqələr üzrə prorektoru, Asst. Prof. Dr. İbrahim Dalkılıç ADMİU-nun qonağı olub.
Universitetə səfəri zamanı İbrahim Dalkılıç tələbələrlə görüş keçirib, onlarla mövcud əməkdaşlıq imkanları, yaradıcılıq və təhsil istiqamətləri üzrə fikir mübadiləsi aparıb. Görüşdə ADMİU-nun tədris işləri üzrə prorektoru dosent Nigar Rüstəmova, Teatr sənəti fakültəsinin dekanı dosent Kəmalə Mehdiyeva və fakültənin dekan müavini Əli Hacılı iştirak ediblər.
Görüş zamanı iki universitet arasında ikili diplom proqramı, birgə tədris təşəbbüsləri və tələbələr üçün nəzərdə tutulan beynəlxalq layihələr haqqında müzakirələr aparılıb. Tələbələrə əməkdaşlığın məqsədləri, qarşıdakı dövrdə planlaşdırılan tədris istiqamətləri və yaradıcılıq fəaliyyətləri barədə məlumat verilib.
Tərəflər gələcəkdə birgə ustad dərslərinin təşkili, tələbə və müəllim mübadiləsi, yaradıcılıq laboratoriyalarının keçirilməsi kimi əməkdaşlıq perspektivlərini də nəzərdən keçiriblər.
Görüşün sonunda bildirilib ki, ADMİU və ARUCAD arasında qurulan əməkdaşlıq iki universitet arasında elmi-mədəni inteqrasiyanın daha da güclənməsinə, tələbələrin beynəlxalq təhsil mühitinə çıxış imkanlarının genişlənməsinə və yaradıcılıq sahəsində peşəkar kadrların hazırlanmasına mühüm töhfə verəcək.

