ADMİU-da britaniyalı ekspertlə görüş keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) britaniyalı ekspert, kreativ sənayelər və mədəniyyət siyasəti üzrə beynəlxalq məsləhətçi, Tom Fleming Creative Consultancy şirkətinin direktoru Dr. Tom Fleminqlə görüş keçirilib. O, kreativ sənayelərin inkişafı, mədəniyyət siyasətinin formalaşdırılması və yaradıcı iqtisadiyyatın imkanlarının genişləndirilməsi sahəsində beynəlxalq səviyyədə tanınan mütəxəssisdir. Onun peşəkar fəaliyyəti 60-dan çox ölkədə kreativ sənayelərin inkişafına yönəlmiş strategiyaların və layihələrin hazırlanmasını əhatə edir. Dr. Tom Fleminq Azərbaycanda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun qonaqlarındandır.

Universitetin professor-müəllim heyətinin nümayəndələrinin iştirak etdiyi görüşdə kreativ sənayelərin dünyadakı inkişaf tendensiyaları, onların iqtisadi və sosial əhəmiyyəti, eləcə də Azərbaycanın bu sahədə potensialı müzakirə olunub. Ölkənin zəngin mədəni irsinin, incəsənət ənənələrinin və yaradıcı insan resurslarının müasir kreativ iqtisadiyyata inteqrasiyası, yerli təşəbbüslərin beynəlxalq müstəvidə tanıdılması məsələlərinə toxunulub.

Görüşdə ADMİU-nun incəsənət və mədəniyyət sahəsində ixtisaslı kadrların hazırlanması, yaradıcılıq və tədqiqat imkanlarının genişləndirilməsi baxımından rolu da diqqət mərkəzində olub. Tərəflər beynəlxalq təcrübənin öyrənilməsi və kreativ sənayelərin inkişafına yönəlmiş yeni yanaşmaların tətbiqi barədə fikir mübadiləsi aparıblar.