ADMİU-da elmi-pedaqoji təcrübəsi çərçivəsində magistrların açıq dərsləri davam edir

Oktyabrın 26-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) magistrantların elmi-pedaqoji təcrübəsi çərçivəsində növbəti açıq dərs keçirilib.
Dram teatrı və kino aktyoru kafedrasının dosenti Fikrət Məlikovun elmi rəhbərliyi ilə Rejissorluq ixtisasının Teatr rejissorluğu ixtisaslaşması üzrə təhsil alan magistrant, Azərbaycan Respublikasının ilk və yeganə inklüziv teatrı olan “ƏSA” Teatrının yaradıcısı və bədii rəhbəri Nihad Qulamzadə Aktyor sənəti ixtisasının III tədris ili tələbələri üçün “Aktyor sənəti” fənnindən “Zahiri hərəkətlərin əyaniləşdirilməsi” mövzusunda açıq dərs keçib.
Dərs zamanı mövzunun nəzəri və praktiki aspektləri diqqətə çatdırılmış, aktyor sənətində zahiri hərəkətlərin səhnə ifadəliliyinin formalaşmasında rolu müzakirə olunub. Nihad Qulamzadə, həmçinin “ƏSA” Teatrında, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında və Heydər Əliyev Sarayında həyata keçirdiyi rejissorluq fəaliyyəti ilə bağlı peşəkar təcrübəsini bölüşərək tələbələrə səhnə sənətinin praktik xüsusiyyətləri barədə məlumat verib.
Açıq dərsdə tələbələrlə yanaşı, ADMİU-nun məzunu, Naxçıvan Dövlət Milli Dram Teatrının dram artisti İsmayıl Mirzəcanov, eləcə də Universitetin Ömürboyu təhsil, karyera və məzunlarla iş bölməsinin əməkdaşları – aparıcı mütəxəssis İlahə İsmayılova və metodist Ülkər Məmmədova iştirak ediblər.
İsmayıl Mirzəcanov Naxçıvan Dövlət Milli Dram Teatrında qazandığı səhnə təcrübəsini bölüşərək teatr mühitində aktyorun peşəkar inkişafı, rejissorla yaradıcılıq əməkdaşlığı və klassik səhnə ənənələrinin müasir aktyor ifaçılığı ilə uzlaşdırılması məsələləri ətrafında müzakirə aparıb. ADMİU-nun məzunu kimi o, universitetdə əldə etdiyi nəzəri biliklərin teatr praktikasında tətbiqi, tədris prosesində qazanılan bacarıqların peşəkar səhnədə reallaşdırılması və gənc aktyorların yaradıcılıq axtarışlarının stimullaşdırılması barədə fikirlərini tələbələrlə bölüşüb.
Qeyd edilib ki, belə açıq dərslərin keçirilməsi magistrantların pedaqoji bacarıqlarının inkişafına, nəzəri biliklərinin praktiki təcrübə ilə əlaqələndirilməsinə və gələcək peşə fəaliyyətlərinə hazırlanmasına xidmət edir. Eyni zamanda, bu təşəbbüslər ADMİU-da təhsilalanlar arasında təcrübə mübadiləsinin genişləndirilməsi və ali təhsildə tədris prosesinin keyfiyyətinin yüksəldilməsi baxımından əhəmiyyət daşıyır.