Rəssamlıq fakültəsinin tələbələri autizmi olan uşaqlarla praktiki incəsənət fəaliyyətlərində iştirak ediblər

29 oktyabr tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tədris olunan “İnklüziv təhsildə incəsənət yönümlü tədris metodları” fənni çərçivəsində Rəssamlıq fakültəsinin tələbələri “Neyron” Autizm və İnkişaf Mərkəzində olublar.

Görüş zamanı tələbələr mərkəzin fəaliyyəti, uşaqlarla aparılan inkişafetdirici və təlim prosesləri ilə tanış olub, autizm mövzusunda təşkil edilən seminarda iştirak ediblər. Seminar çərçivəsində autizmin xüsusiyyətləri, uşaqların fərdi ehtiyacları və onlarla ünsiyyətin, təlimin təşkili məsələləri müzakirə olunub.

Növbəti günlərdə isə tələbələr mərkəzdə uşaqlarla birbaşa ünsiyyətdə olaraq müxtəlif təsviri sənət fəaliyyətləri həyata keçiriblər. Bu praktiki məşğələlər tələbələrə incəsənət vasitəsilə uşaqların özünüifadə imkanlarını dəstəkləmək, onların fərdi xüsusiyyətlərini nəzərə almaq və inklüziv tədris yanaşmalarını real mühitdə tətbiq etmək təcrübəsi qazandırıb.

Qeyd edək ki, “İnklüziv təhsildə incəsənət yönümlü tədris metodları” fənni nəzəri biliklərin praktiki fəaliyyətlərlə vəhdəti əsasında tədris olunur. Bu yanaşma gələcək rəssam-müəllimlərin xüsusi təhsil ehtiyacları olan uşaqlarla işləmək bacarıqlarının formalaşmasına, incəsənətin inklüziv təhsildə imkanlarını daha dərindən mənimsəmələrinə xidmət edir.