ADMİU-nun əcnəbi tələbəsi beynəlxalq moda tədbirində iştirak edib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) əcnəbi tələbəsi Ayzada Seytibayeva Parisdə keçirilən “Art-Storytelling Paris-Deauville International Fashion Show – The Silk Roads of Fashion” beynəlxalq moda tədbirində iştirak edib.
Tədbir çərçivəsində Ayzada Seytibayeva La Galerie Dior-u ziyarət edərək dünya şöhrətli Dior Moda Evinin zəngin irsi, moda tarixinin inkişaf mərhələləri, siluetlərin transformasiyası, sənətkarlıq ənənələri və müasir dizayn yanaşmaları ilə yaxından tanış olub.
Belə məkanların ziyarəti gənc dizaynerlər üçün yalnız estetik ilham mənbəyi deyil, eyni zamanda moda tarixini, mədəni irsi və müxtəlif yaradıcılıq yanaşmalarını öyrənmək baxımından mühüm təcrübədir. Dior-un arxiv nümunələrində klassik moda kodlarının müasir materiallar, texnologiyalar və yeni dizayn ideyaları ilə necə yenidən şərh olunduğunu müşahidə etmək tələbəmiz üçün xüsusilə faydalı olub.
Ayzada Seytibayeva səfərin ona yeni ideyalar və yaradıcılıq istiqamətləri qazandırdığını, xüsusilə tarixi moda üslubları ilə müasir dizayn arasındakı əlaqəni daha dərindən araşdırmaq üçün ilham verdiyini qeyd edib.
Tələbəmizin beynəlxalq moda mühitində iştirakını, peşəkar və yaradıcı inkişafı baxımından qazandığı bu dəyərli təcrübəni təqdir edir, ona gələcək fəaliyyətində və yeni layihələrində uğurlar arzulayırıq.

