ADMİU tələbəsi Çində keçirilən Beynəlxalq Vinq Çun Çempionatında 1 qızıl və 2 gümüş medal qazanıb

22–27 iyul 2026-cı il tarixlərində Çin Xalq Respublikasının Foşan şəhərində Beynəlxalq Uşu Federasiyasının təşkilatçılığı ilə Beynəlxalq Vinq Çun Çempionatı keçirilib. Nüfuzlu beynəlxalq yarışda 20-dən çox ölkədən 4000-dən artıq idmançı iştirak edib.
Azərbaycan Vinq Çun Federasiyasının yığma komandasının heyətində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin II kurs, tələbəsi, Vətən müharibəsi veteranı Azər Sahibi də ölkəmizi təmsil edib.
Azər Sahibi çempionatda üç kateqoriya üzrə mübarizə aparıb. O, taolu yarışların Wooden Dummy (“Taxta adam” – ənənəvi üslub) kateqoriyasında rəqiblərini geridə qoyaraq I yerə və qızıl medala layiq görülüb.
ADMİU tələbəsi, həmçinin Chi-Sao Fight (“Yapışqan əllər” döyüşü) və Chum Kiu (taolu yarışlar) kateqoriyalarında uğurlu çıxış edərək hər iki istiqamət üzrə II yerə və gümüş medala sahib olub.
Beləliklə, Azər Sahibi döyüş sənətlərinin mühüm mərkəzlərindən biri hesab olunan Çində keçirilən beynəlxalq çempionatı 1 qızıl və 2 gümüş medalla başa vurub.
Qeyd edək ki, Azər Sahibi Vinq Çun döyüş sənəti üzrə Sifu (müəllim) səviyyəsinə malikdir. O, eyni zamanda təsis etdiyi “Zəfər Vinq Çun” klubunun rəhbəri və məşqçisi kimi fəaliyyət göstərir.
Vinq Çun qədim tarixə malik Çin döyüş sənəti ənənəsinin praktik və effektiv istiqamətlərindən biri hesab olunur.