ADMİU-nun əməkdaşları “Ali təhsil müəssisələrində süni intellekt” mövzusunda keçirilən təlimdə iştirak ediblər

3 noyabr 2026-cı il tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Ali təhsil müəssisələrində süni intellekt” mövzusunda təlim keçirilib.
Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin məsul şəxsləri üçün təşkil olunan təlim Microsoft şirkətinin nümayəndələri Dani Zhumabekov və Oliver Zoficin iştirakı ilə baş tutub.

ADMİU-nu təlimdə Keyfiyyət təminatı və strateji planlama departamentinin müdir müavini, İnnovasiya və sahibkarlıq mərkəzinin rəhbəri, Teatrşünaslıq kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərov, İctimaiyyətlə əlaqələr, marketinq və süni intellekt şöbəsinin süni intellekt və rəqəmsal marketinq üzrə baş mütəxəssisi Sabir Abbaszadə və İnformasiya-kommunikasiya texnologiyaları və texniki xidmət şöbəsinin informasiya texnologiyaları üzrə mütəxəssisi Ruslan Məmmədov təmsil ediblər.

Layihənin əsas məqsədi ali təhsil müəssisələrində süni intellekt texnologiyalarının tətbiqi istiqamətində iştirakçıların bacarıqlarını inkişaf etdirmək olub. Təlimdə Microsoft Copilot alətinin imkanları təqdim edilib. Bu alətin tədris və tədqiqat proseslərində, eləcə də inzibati fəaliyyətin səmərəliliyinin artırılmasında tətbiq imkanları da müzakirə olunub.

Təlimdə əldə olunan biliklərin ADMİU-da Microsoft Copilot və digər süni intellekt alətlərinin tədris, tədqiqat və inzibati fəaliyyətdə tətbiqi zamanı istifadə olunması nəzərdə tutulur.