ADMİU-nun dosenti Qazaxıstanda beynəlxalq akademik fəaliyyətdə iştirak edib

3–5 iyun 2026-cı il tarixlərində Azərbaycan Respublikasının Əməkdar artisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Prezident mükafatçısı Toğrul Əsədullayev Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyi və Kulyaş Bayseitova adına Qazaxıstan Dövlət Milli İncəsənət Universitetinin dəvəti ilə həmin ali təhsil müəssisəsində keçirilən dövlət imtahanlarında iştirak edib.

Toğrul Əsədullayev üç gün ərzində “Xalq çalğı alətləri” ixtisası üzrə Dövlət İmtahan Komissiyasının sədri kimi fəaliyyət göstərib. İmtahanlarda qopuz, prima qopuz, dombra, şerter, jetıgen və digər xalq çalğı alətləri üzrə təhsil alan tələbələr öz ifa bacarıqlarını nümayiş etdirib, çıxışlar komissiya tərəfindən qiymətləndirilib.

Səfər çərçivəsində, 4 iyun tarixində Toğrul Əsədullayev universitetin müəllim və tələbələri üçün ustad dərsi də keçib. Ustad dərsində kamança sənətinin Azərbaycan musiqi mədəniyyətindəki yeri və rolu, xüsusilə muğam ifaçılığında, muğam dəstgahlarında və zərbi muğamlarda tətbiqi barədə ətraflı məlumat verilib. Eyni zamanda, bəstəkar yaradıcılığında kamança üçün yazılmış əsərlərdən bəhs olunub, nümunələr canlı ifa ilə nümayiş etdirilib. Tədbirdə alətin tədrisi və ifaçılıq məktəbinin inkişafı ilə bağlı məsələlərə də toxunulub.

Səfərin sonunda Toğrul Əsədullayev Qazaxıstan Dövlət Milli İncəsənət Universiteti tərəfindən Dövlət İmtahan Komissiyasının sədri kimi fəaliyyətinə və keçirdiyi ustad dərsinə görə “Təşəkkürnamə” ilə təltif olunub.

Təşəkkürnamədə onun imtahan prosesində nümayiş etdirdiyi yüksək peşəkarlıq, obyektivlik və məsuliyyətlilik xüsusi qeyd olunub. Həmçinin, müəllim və tələbələr üçün mühüm əhəmiyyət daşıyan ustad dərsi vasitəsilə zəngin ifaçılıq təcrübəsini və peşəkar biliklərini bölüşərək gənc musiqiçilərin yaradıcılıq potensialının inkişafına, beynəlxalq əməkdaşlığın və musiqi sahəsində təcrübə mübadiləsinin genişlənməsinə verdiyi töhfəyə görə minnətdarlıq ifadə edilib.