ADMİU-nun Tədris şöbəsininəməkdaşı akademik tədqiqatlara həsr olunmuş təlimdə iştirak edib
ADMİU-nun Tədris şöbəsinin böyük mütəxəssisi, Muzeyşünaslıq və turizm kafedrasının baş müəllimi Natiq Mürsəlov müasir elmi-tədqiqat və tədris metodlarının inkişafı istiqamətində növbəti təlimə qatılıb. O, 24 sentyabr 2026-cı il tarixində “Yapay Zeka Destekli ProQuest Central ile Araştırmalarınızı Güçlendirin” (“Süni intellekt dəstəkli ProQuest Central ilə tədqiqatlarınızı gücləndirin”) mövzusunda keçirilən vebinarda iştirak edərək sertifikat əldə edib.
Təlimin mövzusu müasir elmi araşdırma prosesində süni intellekt texnologiyalarından və rəqəmsal elmi informasiya resurslarından səmərəli istifadənin artan əhəmiyyətini nümayiş etdirir. ProQuest Central kimi elmi informasiya resurslarından düzgün və məqsədyönlü istifadə elmi mənbələrin axtarılması, seçilməsi, təhlili və akademik tədqiqatlarda tətbiqi baxımından mühüm imkanlar yaradır. Bu istiqamət, xüsusilə magistratura səviyyəsində “Akademik yazı və etika” fənninin tədrisi üçün vacibdir.
Əldə olunan yeni bilik və təcrübənin “Akademik yazı və etika” fənninin tədris prosesinə inteqrasiyası təhsilalanlarda elmi informasiya savadlılığının, akademik mənbələrlə işləmək və etibarlı informasiya seçmək bacarıqlarının inkişafına xidmət edir. Eyni zamanda, süni intellekt alətlərindən istifadə zamanı akademik dürüstlük, müəlliflik, plagiatın qarşısının alınması, düzgün istinad və sitat gətirmə, eləcə də tədqiqatçının fərdi məsuliyyəti kimi önəmli etik prinsiplərin magistrantlara aşılanmasına imkan yaradır.
Baş müəllim N. Mürsəlovun bu istiqamətdə əldə etdiyi sertifikat müasir elmi-tədqiqat alətlərindən istifadə üzrə peşəkar inkişafının göstəricisi olmaqla yanaşı, əldə olunan biliklərin tədris prosesinə, xüsusilə “Akademik yazı və etika” fənninin məzmununun müasir tələblərə uyğun zənginləşdirilməsinə yönəldilməsi kontekstində də əhəmiyyətlidir.

