Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə İstanbul Gelişim Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ilə İstanbul Gelişim Universiteti arasında onlayn görüş keçirilib. Toplantıda Keyfiyyət təminatı və strateji planlama departamentinin müdir müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Elçin Cəfərov, Keyfiyyət təminatı və monitorinq sektorunun müdiri Cavid Zeynalov, Beynəlxalq layihələr və əcnəbilərlə iş şöbəsinin müdiri Namiq Kərimov, Kino-televiziya sənətləri kafedrasının müəllimi Anar Verdiyev, İstanbul Gelişim Universitetinin əməkdaşları dosent Emre Doğan, Eda Türkay və Rabiya Saltik iştirak ediblər.
Görüşdə iki universitet arasında akademik, elmi və mədəni əməkdaşlığın inkişaf etdirilməsi, birgə layihələrin həyata keçirilməsi və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Əməkdaşlıq çərçivəsində ilkin olaraq, İstanbul Gelişim Universiteti İncəsənət fakültəsinin təşkilatçılığl ilə baş tutan “Hasat Zamanı” Qısa Film Festivalı ilə bağlı birgə fəaliyyətlərin həyata keçirilməsi qərara alınıb.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professor-müəllim heyətinin festivalın münsiflər heyətində təmsil olunması, ADMİU-nun Audiovizual sənətlər fakültəsinin tələbələrinin filmlərinin festivala təqdim edilməsi, İstanbul Gelişim Universiteti tələbələrinin isə ADMİU-da keçiriləcək film festivallarında iştiraka təşviq olunması planlaşdırılıb.
Bununla yanaşı, müxtəlif fəaliyyət istiqamətlərini əhatə edəcək ortaq layihələr çərçivəsində ADMİU-da və Gelişim Universitetində ustad dərsləri, görüşlər, müzakirələr və qısametrajlı film nümayişlərinin təşkili, akademik nəşrlər sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və professor-müəllim heyətinin və tələbələrin simpoziumlarında, konfranslarda, elmi seminarlarda iştirak imkanlarının artırılması nəzərdə tutulur.

