Özbək professor ADMİU-da ustad dərsləri keçir
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) bədii təhsilin inkişafına yönəlmiş növbəti mühüm təşəbbüs həyata keçirilir. Hazırda Özbəkistan Respublikasının Kəmaləddin Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutunun “Miniatür və kitab qrafikası” kafedrasının professoru Behzod Hacımetov ADMİU-nun Rəssamlıq fakültəsində ustad dərsləri keçir.
Bu ustad dərsləri tələbələr üçün yalnız texniki biliklərin ötürülməsi ilə məhdudlaşmır, eyni zamanda onların yaradıcı dünyagörüşünün genişlənməsinə, milli bədii irsə daha dərindən yanaşmasına şərait yaradır. Dərslərdə sənətşünaslıq, qrafika, geyim dizaynı və bədii toxuculuq ixtisaslarında təhsil alan tələbələr fəal iştirak edir, müxtəlif mövzular ətrafında praktik və nəzəri biliklər əldə edirlər.
Bununla yanaşı, universitetin müxtəlif kafedralarında müəllim heyəti ilə birgə müzakirələr təşkil olunur. Bu görüşlər qarşılıqlı təcrübə mübadiləsi, yeni tədris metodlarının tətbiqi və gələcək əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Qeyd olunan fəaliyyətlər Azərbaycan bədii təhsilində miniatür sənəti ənənələrinin bərpasını və inkişafını nəzərdə tutan uzunmüddətli layihə çərçivəsində həyata keçirilir. Layihənin əsas məqsədi zəngin tarixi köklərə malik olan miniatür sənətini yenidən aktuallaşdırmaq, onu müasir tədris prosesinə inteqrasiya etmək və gələcək nəsil rəssamların yaradıcılığında bu ənənələrin davamlılığını təmin etməkdir.

