ADMİU tələbələri TÜRKSOY Beynəlxalq Tələbə Teatr Festivalında mükafata layiq görülüblər

Qazaxıstanın Türkistan şəhərində Türk dünyasının gənc teatr nümayəndələrini bir araya gətirən IV Beynəlxalq TÜRKSOY Tələbə Teatr Festivalı başa çatıb.
Festivalda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyədən teatr kollektivləri iştirak edib. Festival günlərində iştirakçı universitetlərin tələbə kollektivləri müxtəlif tamaşalar təqdim edib, nümayişlərdən sonra ustad dərsləri və peşəkar müzakirələr keçirilib.
Festivalın bağlanış mərasimində iştirak edən kollektivlərə və qaliblərə mükafatlar təqdim olunub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbə teatr kollektivi “Ququ quşu yuvası üzərindən uçuş” tamaşası ilə “Dünya ədəbiyyatı əsəri əsasında ən yaxşı tamaşa” mükafatına layiq görülüb.

Türkistanın qədim və zəngin mədəni mühitində keçirilən festival gənc teatr sənətçiləri üçün yeni yaradıcılıq təcrübələri, dostluqlar və peşəkar əlaqələr baxımından yaddaqalan olub.
ADMİU tələbələrinin əldə etdiyi bu mükafat universitetin gənc teatr sənətçilərinin yaradıcılıq potensialının və peşəkar hazırlığının beynəlxalq səviyyədə nümayiş etdirilməsi baxımından əlamətdar nəticədir.