ADMİU-nun əməkdaşları “Almaniya təhsil və tədqiqat sahəsində tərəfdaş kimi” adlı info-sessiyada iştirak ediblər

7 oktyabr 2026-cı il tarixində Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təşkilatçılığı ilə “Germany as a Partner for Study and Research” (“Almaniya təhsil və tədqiqat sahəsində tərəfdaş kimi”) mövzusunda info-sessiya keçirilib. Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Beynəlxalq layihələr və əcnəbilərlə iş şöbəsinin müdiri Namiq Kərimov və Keyfiyyət təminatı və strateji planlama departamentinin Keyfiyyət təminatı və monitorinq sektorunun mütəxəssisi Anar Baba-zadə iştirak ediblər. Bundan əlavə tədbirə Azərbaycanın müxtəlif ali təhsil müəssisələrindən olan nümayəndələr də qatılıblar.
DAAD regional ofisinin rəhbəri xanım Silvia Şmid və proqram koordinatoru Sevər Karaevanın iştirakı ilə keçirilən iki saatlıq sessiyada tələbələr üçün DAAD təqaüd proqramları, tədqiqatçılar üçün maliyyələşdirmə imkanları, eləcə də ali təhsil müəssisələri arasında əməkdaşlıq perspektivləri barədə ətraflı məlumat verilib. Tədbir çərçivəsində Almaniyanın ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əlaqələrin qurulması, mümkün tərəfdaşların müəyyənləşdirilməsi və akademik əməkdaşlığın inkişaf etdirilməsi istiqamətləri diqqətə çatdırılıb.
Sessiyada Almaniya universitetləri ilə əməkdaşlığın qurulması üçün əsas mərhələlər, o cümlədən bu barədə məqsədlərin müəyyənləşdirilməsi, tərəfdaş ali təhsil müəssisələrinin seçilməsi ilə bağlı təqdimat nümayiş etdirilib. Həmçinin Almaniya universitetləri ilə birgə doktorantura “Sandwich PhD” və “Cotutelle” modelləri, tədqiqatların iki ölkənin ali təhsil müəssisələrində birgə elmi rəhbərlik əsasında aparılması və doktorluq dərəcəsinin birgə verilməsi imkanları haqqında məlumat təqdim olunub.
Tədbirdə Almaniya tərəfdaşlarının müəyyənləşdirilməsi üçün Higher Education Compass və German Research Institutions (GERiT) kimi resurslardan istifadə imkanları da nümayiş etdirilib. Görüş ADMİU əməkdaşları üçün Almaniyanın ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əlaqələrin genişləndirilməsi, beynəlxalq akademik əməkdaşlıq imkanlarının araşdırılması, eləcə də tələbə və tədqiqatçıların beynəlxalq mübadilə və maliyyələşdirmə proqramlarına çıxışının artırılması baxımından faydalı perspektivlər yarada bilər. Həmçinin, tədbirdə DAAD-ın “Kurzzeitdozentur” (Qısamüddətli mühazirəçilik) proqramı barədə məlumat verilib. Proqram çərçivəsində Almaniya universitetlərinin professor və müəllimlərinin xarici ali təhsil müəssisələrinə dəvət olunması və onların qısamüddətli tədris fəaliyyətinin DAAD tərəfindən maliyyələşdirilməsi imkanları təqdim edilib. Bu proqram universitetlərarası akademik əlaqələrin inkişaf etdirilməsi və qarşılıqlı təcrübə mübadiləsi baxımından əhəmiyyətli imkan yaradır.