ADMİU XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur
Oktyabrın 21-də Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” devizi altında XII Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib.
Açılış mərasimində mədəniyyət naziri Adil Kərimli, nazirliyin nümayəndələri, Azərbaycan Yazıçılar Birliyinin katibləri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli, Milli Məclisin deputatları, diplomatik korpusun nümayəndələri, yazıçılar, şairlər və digər qonaqlar iştirak ediblər.
Builki sərgidə 30 xarici ölkədən 59 təşkilat, eləcə də 147 yerli nəşriyyat-poliqrafiya müəssisəsi və kitab sənəti ilə əlaqəli qurum təmsil olunur.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kitabxana-informasiya mərkəzi sərgidə universitetin professor-müəllim heyətinin müəllifi olduğu tədris nəşrləri və kitablar nümayiş etdirilir. Ziyarətçilər təqdim olunan nəşrlərlə tanış olmaq, universitetin elmi və tədris fəaliyyəti haqqında məlumat əldə etmək imkanı qazanırlar.
Sərgi çərçivəsində ADMİU-nun Kulturologiya fakültəsinin Kitabxana-informasiya ixtisası üzrə IV kurs tələbələri də könüllü kimi fəaliyyət göstərirlər. Tələbələrin tədbirdə iştirakı onların nəzəri biliklərinin təcrübə ilə möhkəmləndirilməsinə, peşəkar bacarıqlarının inkişafına və gələcək fəaliyyətləri üçün zəruri təcrübə qazanmalarına şərait yaradır.
Bakı Beynəlxalq Kitab Sərgisi mütaliə mədəniyyətinin təşviqi, yerli və beynəlxalq ədəbi əlaqələrin genişləndirilməsi, eləcə də kitab və nəşriyyat sahəsində əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
ADMİU-nun sərgidə iştirakı universitetin elmi və tədris nəşrlərinin geniş ictimaiyyətə təqdim olunmasına, ali təhsil müəssisəsinin elmi-pedaqoji potensialının tanıdılmasına, həmçinin tələbələrin peşəkar inkişafına dəstək göstərilməsinə xidmət edir.

