Almaniyanın Münhen Universitetinin professoru Latife Summerer ADMİU-da tədris prosesinə cəlb olunub
Almaniyanın Lüdviq-Maksimilian Münhen Universitetinin professoru Latife Summerer 2025/2026-cı tədris ilində Muzeyşünaslıq və turizm kafedrasının magistratura səviyyəsində saathesabı qaydada tədris prosesinə cəlb olunub. Professor 16 fevral 2026-cı il tarixindən etibarən magistraturanın I təhsil ili tələbələrinə “Arxeoloji abidələrin ekspertizası”, “Memarlıq abidələrinin ekspertizası” və “Mədəni irs sahəsində beynəlxalq əməkdaşlıq” fənlərini tədris edir.
Professor Latife Summerer tədris fəaliyyəti ilə yanaşı, universitetdə maarifləndirici və elmi-praktik istiqamətli təlimlər keçirir, eləcə də universitetin mədəni-elmi həyatında fəal iştirak edir.
21 fevral – Beynəlxalq Turizm Bələdçiləri Günü münasibətilə 21-24 fevral 2026-cı il tarixlərində AMEA Arxeologiya və Antropologiya İnstitutu və ADMİU-nun birgə təşkilatçılığı ilə “Milli maddi-mədəni irsin qorunması və bələdçilik praktikası” mövzusunda keçirilən elmi-praktik təlim-treninq layihəsində professor Latife Summerer təlimçi kimi çıxış edib.
Latifə Summerer Tədris etdiyi fənlərlə bağlı magistrantlarla birlikdə 2026-cı ilin mart-aprel aylarında Atəşgah Məbədi və Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazilərinə ekskursiyalar təşkil edib.
Aprelin 17-də professor L.Summerer Abdulla Şaiqin Mənzil Muzeyinin Beynəlxalq Memorial Muzeylər Günü münasibətilə təşkil etdiyi “Ev muzeyləri. Muzeylərin sirrini ustadlardan öyrənək!” mövzusunda dəyirmi masada iştirak edib. Tədbirdə professor iştirakçıları dünyanın ən çox ziyarət olunan 10 memorial muzeyinin fəaliyyət təcrübələri ilə tanış edib.
Aprelin 27-də Latife Summerer tərəfindən “Memarlıq abidələrinin ekspertizası” fənni çərçivəsində “Memarlıq abidələrində konservasiya, bərpa və rekonstruksiya işlərinin aparılmasında ekspertizanın rolu” mövzusunda açıq dərs keçirilib. Açıq dərsdə memarlıq irsinin qorunması və bərpa proseslərində ekspertiza fəaliyyətinin elmi-praktik əhəmiyyəti geniş şəkildə izah olunub.
Aprelin 29-da isə Latife Summerer Milli Azərbaycan Tarixi Muzeyində “Qlobal modellərdən istifadə edərək müasir muzey dizaynının inkişafı” mövzusunda təlim keçib. Təlimdə muzeyşünas-pedaqoqlar və muzey əməkdaşları iştirak ediblər.

