Aşıq sənəti kafedrası 2011-ci ildə yaradılmışdır. 2011–2022-ci illər ərzində kafedraya Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə

rəhbərlik etmişdir. 2022-ci ildən bu günə kimi həmin vəzifədə Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Samirə Əliyeva çalışır.

2022-2023-cü tədris ilində Aşıq sənəti kafedrasında bakalavr və magistr səviyyələri üzrə fənlər tədris edilir.

Kafedranın müəllimləri aşıq sənətinə dair bir sıra monoqrafiya və dərs vəsaiti hazırlamışdır. Bu dərsliklərdə aşıq sənətinin ayrı-ayrı bölgələr üzrə, mühit amili kontekstində tədqiq olunması üstünlük təşkil edir. Bununla əlaqədar, məsələn, Əhliman Rəhimov və Altay Məmmədovun həmmüəllifi olduğu “Şirvan aşıq havaları: səciyyəsi, təsnifi və tədrisi metodikası” (2014) dərs vəsaitini, Əhliman Rəhimovun “Şirvan aşıqlarının ifaçılıq sənətkarlığı” (2016) monoqrafiyasını, Nemət Qasımovun “Göyçə aşıq mühiti (Z.Abdullanın yaradıcılığı əsasında)” (2019) adlı dərs vəsaitini, “Zodlu Usta Abdullanın poetikası” (2015) Hafiz Kərimovun “Borçalı aşıqlarının musiqi yaradıcılığı” (2019) monoqrafiyalarını misal göstərmək olar. Fəzail Orucovun “Azərbaycan teatr mədəniyyətində dastan janrının təzahür formaları” (2005) monoqrafiyasında, “Aşıq sənəti və teatr” (2017) dərs vəsaitində, habelə Samirə Əliyevanın “Dastan ifaçılığı bir aktyorun teatrı kimi” adlı dərs vəsaitində isə dastançılıq ənənələrinin özünəməxsus cəhətləri teatr sənəti ilə müqayisəli şəkildə təqdim olunmuşdur. 2016-2017-ci tədris ilindən etibarən kafedrada “İxtisas-not ifaçılığı” fənni tədris edilməkdədir. Bu baxımdan Hafiz Kərimovun “Azərbaycan bəstəkarlarının əsərləri (saz ilə fortepiano üçün köçürmə və işləmələr)” (2021) adlı not vəsaiti də mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, həm də Azərbaycan Aşıqlar Birliyinin əməkdaşı olan Altay Məmmədovun nəşrə hazırladığı, Azərbaycan Aşıqlar Birliyinin xətti ilə çap olunan “Növrəs İmanın dastan-hekayəti” (2019), “Çağdaş Azərbaycan aşıqlarının şeir antologiyası” (2019), “Dərbənd el sənətkarları” (2020), “Aşıq divaniləri və müxəmməsləri” (2022), “Aşıq təcnisləri” (2022), “Aşıq deyişmələri” (2022) adlı kitablar da aşıq sənətinin öyrənilməsi baxımından qiymətli nəşrlərdir.

Aşıq sənəti kafedrasının təşkilatçılığı ilə bir sıra maraqlı tədbirlər həyata keçirilmişdir. O cümlədən, 2018-ci ildə Səda Tədris Teatrında ustad aşıq Pənah Pənahovun, 2018-ci ildə ustad aşıq Miskin Vəlinin, 2019-cu ildə Beynəlxalq Muğam Mərkəzində sufi şeyxi Miskin Abdalın yaradıcılığına, 2024-cü ildə isə Aşıq Əhliman Rəhimovun yaradıcılığna həsr olunmuş “Yenə gəldi yaz ayları” adlı konsertlər baş tutmuşdur. Kafedranın təşkilatçılığı ilə 2021-ci ildə böyük söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə Azərbaycanda fəaliyyət göstərən orta ixtisas və ali təhsil müəssisələrində “Aşıq sənəti” (saz) ixtisası üzrə təhsil alan tələbələr arasında “Ələsgərəm, hər elmdən halıyam” adlı respublika müsabiqəsi keçirilmişdir. Bundan başqa, 2022-ci ildə “Qarabağ qayıdış” adlı tədbir, 2023-cü ildə ADMİU-nun 100 illiyinə həsr olunmuş konsert, 2023-cü ildə Qərbi Azərbaycanlıların yurd sevgisindən bəhs edən “Ümidindən, arzusundan dönməyən, Vətəndən-Vətənə” adlı konsert layihəsi keçirilmişdir.

Kafedranın əməkdaşları respublika əhəmiyyətli və xarici ölkələrdə keçirilən tədbirlərdə mütəmadi olaraq iştirak edirlər. Altay Məmmədov 2016-cı ildə Türkiyənin Giresun şəhərində düzənlənən “V Türk Dünyası Aşıqlar Şöləni və Pərvin Bəhməni Qaşqayi Halk Bilimi Simpozium”unda, Türkmənistanın Aşqabad şəhərində keçirilən “Koroğlu” eposu və onun dünya mədəniyyətində rolu” mövzusunda Beynalxalq elmi konfransda, 2018-ci ildə Türkiyənin Osmaniyə şəhərində “Türk Dünyası Qorqud Ata Aşıqlar Karvanı” festivalında, 2019-cu ildə Qırğızıstanın Bişkek şəhərində Dünya Xalqlarının V Beynəlxalq Eposlar Festivalında; Nemət Qasımov 2012-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Moskvada keçirilən Novruz Bayramı tədbirində, 2013-cü ildə Türkiyədə “Bilim ve Kültür şöleni” tədbirində, Fəzail Orucov Malayziyada “Müsəlman Dünyası Musiqi Festivalı”nda, 2016-cı ildə Qazaxıstanın Almatı şəhərində beynəlxalq konfransda, Samirə Əliyeva 2019-cu ildə Özbəkistanda Beynəlxalq “Baxşı festivalı”nda, 2022-ci ildə Mədəniyyət Nazirliyinin və Azərbaycanın Avstriyadakı diasporunun birgə təşkilatçılığı ilə “Şuşa ili” çərçivəsində keçirilən tədbirdə (Avstriya), Hafiz Kərimov 2016-cı ildə Tiflis şəhərində “Türkiyə-Gürcüstan Bektaşi Mədəniyyəti və Ozanlar” simpoziumunda çıxış etmişlər.

Kafedranın müəllimləri YUNESCO-nun Azərbaycanda təşkil etdiyi tədbirlərdə də fəal iştirak edirlər. Aşıq sənətinin YUNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil olması ilə bağlı 2009-cu ilin mart ayında Fransada keçirilən silsilə konsertlərdə Altay Məmmədov, Nemət Qasımlı, Samirə Əliyeva aşıq sənətini layiqincə təmsil etmişlər. 2012-ci ildə YUNESCO-nun

xətti ilə Nemət Qasımovun yaradıcılığına həsr olunmuş film çəkilmişdir. Nemət Qasımov 2012-ci ildə Azərbaycan-YUNESCO əlaqələrinin 20 illiyi münasibətilə baş tutan dövlət tədbirində, 2019-cu ildə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 25 illiyinə həsr olunmuş mədəni tədbirdə, Samirə Əliyeva və Hafiz Kərimov kafedranın tələbələri ilə birlikdə 2019-cu ildə Bakıda, Heydər Əliyev Mərkəzində YUNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində çıxış etmişlər. Bundan başqa, Nemət Qasımov 2015-ci ildə Avropa Oyunları münasibətilə keçirilən konsertdə, Samirə Əliyeva və Murad Səmədzadə 2021-ci ildə Şuşada “Xarı bülbül” festivalında, Samirə Əliyeva 2022-ci il tarixində Şuşada V Xarıbülbül Beynəlxalq Folklor Festivalında öz bacarıqlarını nümayiş etdirmişlər.

Kafedranın müəllimləri aşıq sənəti ilə bağlı ölkəmizdə keçirilən bir sıra mühüm tədbirin iştirakçısıdır. Əhliman Rəhimov, Altay Məmmədov, Nemət Qasımov, Fəzail Orucov, Samirə Əliyeva 2010-cu ildə və 2014-cü ildə Bakıda düzənlənən I və II Beynəlxalq Aşıq festivalında, Nemət Qasımov kafedranın tələbələri ilə birlikdə 2013-cü ildə Gədəbəy Aşıq Məktəbinin açılış mərasimində, Samirə Əliyeva Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar ilk dəfə təqdim edilən “Leyli və Məcnun” dastan-tamaşasında Leyli obrazında uğurlu çıxış etmişdir. Böyük söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar kafedranın əməkdaşları bir çox tədbirə qatılmış, ADMİU-da Respublika müsabiqəsi təşkil etmişlər.

Ölkəmizdə Azərbaycan Respublikasının Prezidentinin iştirakı ilə təntənəli şəkildə qeyd edilən Novruz Bayramı tədbirlərində ayrı-ayrı illərdə Samirə Əliyeva, Nemət Qasımov, Fəzail Miskinli kafedranın tələbələri ilə birlikdə çıxış etmişlər. Samirə Əliyeva 2022-ci ildə Aşıq sənəti kafedrasının tələbələrindən ibarət “Sazəndə Aşıqlar Qrupu”nu yaradaraq “Misridən-Cəngiyə” adlı layihəni təqdim etmişdir.

Aşıq sənəti kafedrasının müəllimləri elmi-mədəni fəaliyyətlərinə görə müxtəlif Respublika və Beynəlxalq səviyyəli mükafatlarla təltif olunmuşdur.

Professor-müəllim heyətinin tərkibi:

  • Samirə Əliyeva – Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, kafedra müdiri
  • Əhliman Rəhimov – Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, kafedranın məsləhətçi professoru
  • Nemət Qasımov – Əməkdar mədəniyyət işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent
  • Fəzail Orucov – Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
  • Altay Məmmədov – filologiya üzrə fəlsəfə doktoru, dosent
  • Hafiz Kərimov – sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
  • Murad Səmədzadə – müəllim
  • Qəlbinur İbrahimli- müəllim
  • İlahə Rəncibər – konsertmeyster
  • Səidə Hacıyeva – konsertmeyster
  • Nigar Məhərrəmova -laborant

Tədris Olunan Fənlər:

Bakalavriat səviyyəsi üzrə:

  • Aşıq sənətinin tarixi və nəzəriyyəsi
  • İxtisas – not ifaçılığı
  • İxtisas – sahələr üzrə
  • Müşayiət sinfi
  • Əsas musiqi aləti (Saz)
  • Xüsusi pedaqoji hazırlıq
  • İxtisasın tədrisi metodikası

Magistratura səviyyəsi üzrə:

  • Aşıq sənəti və muğam
  • Dastanın epik əsasları
  • Dastanın poetik əsasları
  • İxtisas
  • Vokal sənətinin müasir istiqamətləri (Aşıq sənətinin müasir istiqamətləri)

Kafedra Rəhbəri

Samirə Əliyeva

Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

Ətraflı