Estrada sənəti kafedrası 2004-cü ildən “Estrada və populyar musiqi” adı altında təsis edilmişdir. Kafedrada respublikamızın tanınmış incəsənət xadimləri çalışmışdır. Bunlardan  Xalq artisti, professor Yalçın Rzazadə, fəlsəfə elmləri üzrə fəlsəfə doktoru, dosent Vaqif Gərəyzadə, Xalq artisti, bəstəkar Faiq Sücəddinov, Xalq artisti Cavan Zeynallı, Xalq artisti Gülnaz İsmayılovanın adlarını qeyd etmək olar. Kafedraya müxtəlif illərdə dosent Vaqif Gərəyzadə  (2004-2010), Professor Yalçın Rzazadə (2010-2016) rəhbərlik etmişlər. 2016-cı ildən bu günədək kafedranın müdiri Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Məryəm Babayevadır.

Kafedranın professor-müəllim heyyəti, çağdaş dövrün tələblərinə uyğun olaraq, Azərbaycan populyar musiqisinin, yeni nəslinə mənsub ifaçılar yetişdirmək kimi mürəkkəb bir vəzifəni icra edirlər. Səciyyəvidir ki, yüksək peşəkarlığa malik, populyar musiqi ifaçılarının ərsəyə gətirilməsi məqsədilə kafedrada “Populyar musiqi və caz ifaçılığı”, “Caz ifaçılığının əsasları”, “Səs rejissoru ilə iş”, “Populyar musiqi və caz ifaçılığının müasir istiqamətləri”, “Vokal ansamblı” və s. fənnlər tədris edilir.

Estrada sənəti kafedrasının əməkdaşları tərəfindən populyar və caz musiqisinin tarixi-nəzəri və ifaçılıq məsələlərini əhatə edən bir sıra tədris vəsaiti hazırlanmışdır. Məsələn, ötən illər ərzində professor Məryəm Babayevanın “Populyar və caz musiqisində vokal ifaçılıq məsələləri”, “Vokaliz”, “Rəşid Behbudovun sənətkarlığı”, Əməkdar artist, dosent İnarə Babayevanın “Vokal təliminin bəzi nəzəri aspektləri”, Xalq artisti, dosent Gülnaz İsmayılovanın “Azərbaycan bəstəkarlarının opera, müzikl və musiqili komediyalarından soprano üçün seçilmiş ariyalar” və s. dərsliklər işıq üzü görmüşdür.

Təqdirələyiqdir ki, Estrada sənəti kafedrasının fəaliyyətində tədris prosesi ilə yanaşı rəngarəng məzmunlu tədbir və konsertlərin təşkili də xüsusi önəm daşıyır. Son illər ərzində kafedra tərəfindən  keçirilən tədbirlər sırasında “Mədəniyyət” kanalı və “Azərbaycan” radiosunun təşkilatçılığı ilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında baş tutmuş gənc estrada ifaçılarının “Odlar ölkəsi” konsertini (2017), YARAT İncəsənət Mərkəzində “Yada düşər xatirələr” (2018), Azərbaycan və İtaliya Respublikaları arasında diplomatik əlaqələrin qurulmasının 30-cu il dönümünə həsr olunmuş “Amore mio” (2022), ADA Universitetində keçirilən konsertləri (2022) və s. qeyd etmək olar.

“Estrada sənəti” ixtisası üzrə təhsil alan tələbələrin professor Məryəm Babayevanın rəhbərliyi altında Beynəlxalq Muğam Mərkəzində repertuar zənginliyi ilə seçilən çıxışları artıq ənənə xarakteri almışdır. Belə ki, Tofiq Quliyev və Emin Sabitoğlunun yaradıcılıqlarına həsr edilmiş musiqili gecə (2017), Mikayıl Müşfiqin poeziya dünyasını əks etdirən musiqili-ədəbi gecə (2017), Azərbaycan bəstəkarlarının mahnı və romanslarından ibarət “Sevgi dünyası” (2018), bəstəkar Elza İbrahimovanın yaradıcılığına həsr olunmuş “Sən yadıma düşəndə” (2018), “Rəşid Behbudov repertuarının inciləri” (2021), 8 mart Beynəlxalq qadınlar günü ilə əlaqədar “Deməyin heç kimə” (2022), Emin Sabitoğlunun 85 illiyinə həsr olunmuş “Gəl qoşulaq durnalara…” (2022), “Caz musiqi axşamı” (2023), ADMİU-nun 100 illiyinə həsr olunmuş “Best of the best” (2023), Xalq artisti, bəstəkar Ramiz Mirişlinin 90 illik yubileyinə həsr olunmuş “Azərbaycan dünyam mənim” (2024), Xalq artisti Oqtay Ağayevin 90 illik yubileyinə həsr olunmuş “Kimsən sən…” (2024)  adlı konsertlər və bu qəbildən olan digər tədbirlər musiqisevərlərin yaddaşında dərin iz buraxmışdır.

“Estrada sənəti” kafedrasında qabaqcıl metodiki prinsiplər əsasında qurulan tədris prosesinin səmərəliliyi tələbələrin Beynəlxalq müsabiqələrdə qazandıqları uğurlarda da təzahür edir. Səciyyəvidir ki, ADMİU-da təhsil alan tələbələr dəfələrlə Makedoniya, Qazaxıstan, Rusiya və digər ölkələrdə, Bakı Payızı və  Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində təşkil olunan müsabiqələrdə iştirak edərək laureat adına layiq görülmüşlər.

Professor-müəllim heyətinin tərkibi:

  • Məryəm Babayeva- Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor.
  • Nüşabə Hümmətova – sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar artist, ADMİU-nun dosenti
  • İntiqam Kərimov – baş müəllim
  • Afaq Ağayeva – baş müəllim
  • Rəcəb Zeynalov –müəllim
  • İnarə Babayeva – Əməkdar artist, ADMİU-nun əvəzçi dosenti
  • Səidə Şərifəliyeva – Əməkdar artist, əvəzçi baş müəllim
  • Taleh Yahyayev- əvəzçi müəllim
  • Rüfət Piriyev-əvəzçi müəllim
  • Ülkər Aşurbəyova – d/əvəzçi müəllim
  • Səid Qəni – saathesabı müəllim

Konsertmeysterlər

  • Fəridə Hüseynova – Əməkdar artist
  • Zəhra Parlanova
  • Rəcəb Zeynalov
  • Nicat Aslanov
  • Qumru İmamverdiyeva-laborant

Tədris Olunan Fənlər:

Bakalavriat üzrə:

  • Populyar musiqi və caz ifaçılığı
  • Caz ifaçılığının əsasları
  • İxtisasın tədrisi metodikası
  • Caz improvizasiyası
  • Müzikl tarixi
  • Vokal ansamblı
  • Vokal ifaçılığının əsasları
  • Populyar musiqi və caz musiqisinin tarixi və nəzəriyyəsi
  • Xüsusi pedaqoji hazırlıq

Magistratura üzrə:

  • Populyar musiqi və caz ifaçılığı
  • Populyar musiqi və caz ifaçılığının müasir istiqamətləri
  • Ansambl
  • Studiyada iş
  • Caz solfeciosu

Kafedra Rəhbəri

Məryəm Babayeva

Əməkdar müəllim, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor

Ətraflı