ADMİU – nun magistrantı Ülvi Məmmədlinin quruluşunda, Aqşin Babayevin “Əyri Gözlük” pyesi əsasında eyniadlı tamaşa təqdim olunub

Mərhum yazıçı-dramaturq, pedaqoq və ictimai xadim Aqşin Babayevin 90 illik yubileyi münasibətilə Beynəlxalq Muğam Mərkəzində tədbir keçirilib. Tədbir çərçivəsində musiqi nömrələri, bədii qiraətlər və yazıçının sənət dostlarının çıxışları təqdim olunub.

Yubiley tədbirinin bədii proqramında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Teatr rejissorluğu ixtisası üzrə magistratura birinci kurs tələbəsi Ülvi Məmmədlinin quruluşunda Aqşin Babayevin “Əyri Gözlük” pyesi əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub.

Tamaşanın rejissoru Ülvi Məmmədli səhnə əsərinin konsepsiyası barədə danışarkən obrazın gündəlik həyatda rast gəlinən insan tipini təmsil etdiyini vurğulayıb:

“Baş rol personajı bizim gündəlik həyatda qarşılaşa biləcəyimiz bir tipdir. Bəlkə də elə bizim özümüzdür. ‘Yox’ deməyi bacarmayan, insanlardan haqqını tələb etməyə utanan biri. Bu zaman həmin insan həyatda baş verən haqsızlıqlara göz yumur, qarşılaşdığı faciələri daxilində yaşayaraq passiv aqressiyaya çevirir”.

Ülvi Məmmədli tamaşanın hazırlanması və təqdimatına göstərilən dəstəyə görə yazıçı, Azərbaycan Milli Konservatoriyasının mətbuat katibi Aysel Fikrətə və ADMİU-nun Teatr Sənəti fakültəsinin dekanı Kəmalə Mehdiyevaya təşəkkürünü bildirib.

Səhnə əsərində ADMİU-nun Aktyor sənəti ixtisasının III kurs tələbələri iştirak ediblər. Tələbələr tamaşada müxtəlif obrazları canlandıraraq əsərin bədii ideyasının və rejissor konsepsiyasının səhnə həllində iştirak ediblər.