İnklüziv incəsənət istiqamətində tədris olunan fənlərin təqdimat görüşü keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində inklüziv incəsənət təhsili istiqamətində tədris olunan fənlərə həsr edilmiş təqdimat görüşü keçirilib. Artıq iki ildir tədris proqramına daxil edilən “İnklüziv təhsildə incəsənət yönümlü tədris metodları”, “Musiqi terapiyası” və “İnklüziv teatr prinsipləri” fənləri üzrə dərs deyən müəllimlər görülən işlər barədə təqdimatlarla çıxış ediblər.

Təqdimatlarda fənlərin məzmunu, tədris prosesi, əməkdaşlıq edilən müəssisələr, tələbələrin praktiki fəaliyyəti və əldə olunan nəticələr barədə ətraflı məlumat verilib. İldən-ilə möhkəmlənən, həssas qruplara və əlilliyi olan şəxslərə xidmət göstərən müəssisələrlə ADMİU-nun tərəfdaşlığı nəticəsində tələbələr benefisiarlarla birbaşa işləmək imkanı qazanır və mühüm praktiki bacarıqlar əldə edirlər.

Görüş çərçivəsində görülən işləri əks etdirən video və foto materiallar da nümayiş olunub. Tədbirdə ADMİU-da təhsil alan həssas qrupa aid olan Rəssamlıq fakültəsinin tələbəsi Könül Məmmədlinin rəsm işi nümayiş etdirilib, eləcə də Musiqi sənəti fakültəsində təhsil alan görmə əlilliyi olan tələbəsi Nərmin Əliyevanın musiqi ifası təqdim olunub.

Tədbirin sonunda aprelin əvvəlində ADMİU-da keçirilən “Musiqi terapiyası” təlimlərinin iştirakçıları sertifikatlarla təltif olunublar.

Tədbirdə universitet rəhbərliyi, əməkdaşlar və tərəfdaş müəssisələrin nümayəndələri iştirak ediblər.