“Kreativ gənclər III” düşərgəsi öz işinə başlayıb
Aprelin 15-də Quba şəhərində Quba İdman, İstirahət, Təlim və Tədris Kompleksində “Kreativ gənclər III” düşərgəsinin açılış mərasimi keçirilib. Gənclər və İdman Nazirliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə təşkilatçılığı ilə baş tutan düşərgədə 130 nəfər tələbə iştirak edir.
Düşərgədə ADMİU-nun tələbələri ilə yanaşı, Bakı Musiqi Akademiyası və Bakı Xoreoqrafiya Akademiyasının, ADMİU nəzdində Humanitar Kollecin, Şuşa Humanitar Kollecin tələbələri də təmsil olunurlar.
Düşərgənin ilk günündə iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. İnteraktiv tanışlıqdan sonra A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktrisası Səbinə Məmmədovanın “Səhnədə canlanan kukla: texnika və ifa” adlı təlimi baş tutub.
İlk gün universitet və kollec tələbələrinin çıxışları ilə yekunlaşıb.
Düşərgənin 2-ci günü Aysel Məmmədzadənin “Şəxsi brend anlayışı” təlimi ilə başlayıb. Daha sonra ADMİU-nun Aİ üzrə mütəxəssisi Sabir Abbaszadənin “Süni intellektin gücü” adlı təlimi baş tutub.
Günün ikinci yarısında ADMİU-nun Musiqi fakültəsinin dekanı İradə Xəlilovanın “İlk addım: Vokal” təlimi və ADMİU Sabah qrupları tərəfindən keçirilən “Body Shaming” ilə yadda qalıb.
Qeyd edək ki, “Kreativ gənclər III” düşərgəsi aprelin 19-na kimi davam edəcək.

