Tədris Şöbəsi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tədrisin təşkilini, tədris prosesinin idarə olunmasını və ona nəzarəti həyata keçirən əsas struktur vahiddir.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektorunun 14 sentyabr 2022-ci il tarixli 1/401 nömrəli əmrinə əsasən Tədris şöbəsi və tərkibində aşağıdakı bölmələr yaradılmışdır:
- Ömürboyu təhsil, karyera və məzunlarla iş bölməsi.
- Tədrisin təşkili bölməsi.
- Tələbələrlə iş bölməsi.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 oktyabr 2018-ci il tarixli icazə məktubuna əsasən, 2020-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Tədrisin təşkili və keyfiyyətin təminatı şöbəsinin nəzdində Əlavə təhsil bölməsi yaradılmışdır. 2022-ci ildə universitetdə həyata keçirilən struktur dəyişiklikləri nəticəsində bölmə Tədris şöbəsinin tərkibində Ömürboyu təhsil, karyera və məzunlarla iş bölməsi kimi fəaliyyətini davam etdirmişdir. Bölmənin fəaliyyəti universitetdə ömürboyu təhsilin təşviqi və təşkili, əlavə təhsil proqramlarının həyata keçirilməsi, əməkdaşların peşəkar inkişafına dəstək, tələbə və məzunların karyera imkanlarının genişləndirilməsi, habelə tədris-metodiki fəaliyyətin sənədləşdirilməsinə nəzarət istiqamətlərini əhatə edir. Bu məqsədlə, bölmə ömürboyu təhsilin müxtəlif istiqamətləri üzrə müraciətlərin və müvafiq sənədlərin qəbulu, təhlili və rəsmiləşdirilməsini, tədris proqramlarının aidiyyəti struktur bölmələrlə birgə hazırlanması, kursların təşkili və tədris prosesinin əlaqələndirilməsini həyata keçirir.
Bölmənin əsas fəaliyyət istiqamətlərindən biri tələbə və məzunların karyera inkişafına dəstək göstərilməsidir. Bu çərçivədə, tələbə və məzunların elektron məlumat bazasının formalaşdırılması və mütəmadi yenilənməsi, onların məşğulluq imkanlarının araşdırılması, işəgötürənlərlə əməkdaşlığın qurulması, karyera məsləhətçiliyi, seminar, təlim və təqdimatların təşkili nəzərdə tutulur. Eyni zamanda, məzunlarla davamlı əlaqələrin saxlanılması, Məzunlar Assosiasiyasının fəaliyyəti ilə bağlı koordinasiya işlərinin aparılması və məzunların peşəkar fəaliyyətinin izlənilməsi həyata keçirilir. Bölmə, elektron təhsil sənədlərinin hazırlanması, eləcə də tələbələrin akademik məlumatlarının və müvafiq sənədlərin uçotunun aparılması istiqamətində də fəaliyyət göstərir.
Universitetdə elmi-metodiki fəaliyyətin səmərəli təşkili məqsədilə bölmə Elmi-Metodiki Şuranın fəaliyyətinin təşkilində iştirak edir, şuranın illik iş planının və iclas gündəliklərinin hazırlanması, müvafiq sənədlərin toplanması və rəsmiləşdirilməsi, qəbul edilmiş qərarların icra vəziyyətinin izlənilməsini əlaqələndirir. Həmçinin, universitetdə hazırlanan elmi-metodiki işlərin sənədləşdirilməsi, müvafiq materialların sistemləşdirilməsi və hesabatlılığın təmin edilməsinə nəzarət edir.
Tədris şöbəsinin Ömürboyu təhsil, karyera və məzunlarla iş bölməsinin ştat vahidi 1 bölmə rəhbəri, 2 aparıcı mütəxəssis və 1 metodistdən ibarətdir. Bölmənin rəhbəri Natiq Mürsəlovdur.
Tədrisin təşkili bölməsinin fəaliyyətinə aşağıdakılar daxildir: Təqdim edilmiş bölgü əsasında kafedralar tərəfindən dərs yüklərinin ştatda olan professor-müəllim heyəti arasında mövcud normativ qaydalara uyğun bölünməsinin yoxlanılması, fakültələr üzrə imtahan sessiyasının nəticələri ilə bağlı imtahan vərəqələrinin yoxlanılması və hesabatların hazırlanması, mütəxəssis vasitəsilə dərslərin keçirilməsinə nəzarət edilməsi, fakültələr üzrə bakalavriat və magistratura səviyyələrində təcrübələrin təşkilinə nəzarət olunması, illik statistik hesabatların müvafiq orqanlara təqdim edilməsi və s.
Tədrisin təşkili bölməsinin ştat vahidi 1 bölmə rəhbəri, 2 aparıcı mütəxəssis və 1 mütəxəssisdən ibarətdir. Bölmənin rəhbəri Lətafət Abbasovadır.
Tədrisin və bütün növ imtahanların təşkilinə dair əmrlərin hazırlanması, fakültələrdən daxil olan təqaüd sənədlərinin yoxlanılması və əmrinin verilməsi, bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrin şəxsi işlərində tələb olunan sənədlərin mövcudluğunun təmin edilməsi, qeydiyyatının aparılması, akademik məzuniyyət, köçürülmə, xaric olunma əmrlərinin “Tələbə-Məzun” Dövlət Elektron Məlumat Sisteminə (TMDEMS) işlənilməsi və s. Tələbələrlə iş bölməsinin vəzifələrinə daxildir.
Tələbələrlə iş bölməsinin ştat vahidi 1 bölmə rəhbəri, 1 böyük mütəxəssis, 2 aparıcı mütəxəssisdən ibarətdir. Bölmənin rəhbəri Həqiqət Fəruxovadır.

