Tələbələr üçün leykemiya ilə bağlı maarifləndirici təlim keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Leykemiya ilə Mübarizə” İctimai Birliyinin təşəbbüsü ilə tələbələr arasında leykemiya xəstəliyi ilə bağlı maarifləndirici təlim təşkil olunub.
Təlimin əsas məqsədi gənclərin leykemiya, xəstəliyin erkən aşkarlanması, qan və qan komponentlərinə ehtiyac, könüllü qan donorluğu, canlı donor bankına qoşulma və sosial həmrəylik məsələləri barədə məlumatlılığını artırmaq olub.
Tədbirdə “Leykemiya ilə Mübarizə” İctimai Birliyinin sədr müavini Elçin Cəfərli, birliyin könüllüləri Nigar Əliyeva və Fatimə Cəfərova məruzəçi qismində çıxış ediblər. Məruzəçilər leykemiya xəstəliyi, onunla mübarizənin əhəmiyyəti, erkən məlumatlılığın vacibliyi və xəstələrin qan donorlarına olan ehtiyacı barədə ətraflı məlumat veriblər. Həmçinin könüllü donor fəaliyyətinin əhəmiyyəti, donor olmaq üçün zəruri şərtlər və bu istiqamətdə ictimai təşəbbüslərin rolu diqqətə çatdırılıb.
İnteraktiv formatda davam edən təlim zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb. İştirakçılara qan donorluğunun yalnız tibbi prosedur deyil, eyni zamanda insan həyatının xilasına yönəlmiş mühüm sosial məsuliyyət nümunəsi olduğu vurğulanıb.
Təlimdə Universitetin Kulturologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) üzvləri də iştirak ediblər.