Ümumdünya Uşaq Hüquqları Günü ilə bağlı təlim keçirilib
Kulturologiya fakültəsinin Sosial-mədəni fəaliyyət kafedrasının təşkilatçılığı və təşəbbüsü ilə 20 noyabr – Ümumdünya Uşaq Hüquqları Günü münasibətilə Sosial iş ixtisası üzrə təhsil alan tələbələr üçün təlim təşkil olunub.
Təlim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin Stasionar və yarımstasionar sosial xidmətlərin təşkili departamentinin Stasionar və yarımstasionar sosial xidmətlərin keyfiyyətinə nəzarət şöbəsinin aparıcı mütəxəssisi Tamilla Əlizadə tərəfindən keçirilib.
Təlim zamanı uşaqların hüquqlarının beynəlxalq və milli qanunvericilik çərçivəsində müdafiəsi, BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının əsas müddəaları, uşaqların yaşamaq, inkişaf etmək, təhsil almaq və müdafiə olunmaq hüquqları barədə ətraflı məlumat verilib. Eyni zamanda, təlim çərçivəsində bərpaedici ədliyyə, uşaq hüquqlarının müdafiəsində Barnahus modelinin tətbiqi və Sloveniya təcrübəsi, uşaqların təkrar travmatizasiyasının qarşısının alınması, psixoloji dəstək mexanizmləri, eləcə də sosial işçinin peşəkar inkişafı və karyera imkanları müzakirə edilib. Bununla yanaşı, valideyn himayəsindən məhrum olmuş, sosial baxımdan həssas vəziyyətdə olan və xüsusi qayğıya ehtiyacı olan uşaqlarla sosial işin təşkili, onların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası məsələləri təhlil olunub.
Görüşdə stasionar və yarımstasionar sosial xidmət müəssisələrinin fəaliyyət istiqamətləri, xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi, uşaqların fərdi ehtiyaclarının müəyyənləşdirilməsi və onlara uyğun sosial dəstək mexanizmlərinin tətbiqi diqqətə çatdırılıb. Həmçinin sosial iş mütəxəssislərinin uşaq hüquqlarının müdafiəsində rolu, peşə etikası, məxfilik və uşaqların üstün mənafelərinin təmin edilməsi prinsiplərinin əhəmiyyəti vurğulanıb.
Təlim interaktiv müzakirə və sual-cavab formatında davam edib, tələbələr mövzu ilə bağlı onları maraqlandıran suallara ətraflı cavablar alıblar.
Bu görüş tələbələrin nəzəri biliklərinin praktiki təcrübə ilə zənginləşdirilməsi, uşaq hüquqlarının müdafiəsi sahəsində peşəkar yanaşmalarının formalaşdırılması və gələcək sosial iş fəaliyyətləri üçün zəruri kompetensiyalarının inkişafı baxımından əhəmiyyətli olub.

